İki qayıdış: Birinin ayağı düşərli, digəri rəqib düşərgədə
13.09.2010 - 17:34
İki qayıdış: Birinin ayağı düşərli, digəri rəqib düşərgədə
Milli komandaların rəsmi oyunlarından sonra Unibank Premyer Liqasında mübarizənin davam etdirilməsi iki qayıdışla əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, bir vaxtlar yığmamızın hücum xəttində tərəfdaşlıq edən Branimir Subaşiçlə Vaqif Cavadov yenidən milli çempionatımızın iştirakçıları oldular. Subaşiç “Qəbələ”, Cavadov “Bakı”nın heyətində debüt etdi.

Ölkəmizə 2005-ci ilin yayında gələn Branimirin karyerası Bakının “Neftçi” klubuna bağlı olub. Serbiyalı həmin müddətdə çempion olmasa (iki bürünc, bir gümüş medal) da, yaxşı, məhsuldar oyunu ilə (65 oyuna 31 qol) seçilib və milliləşdirilərək yığmamıza cəlb olunub. Subaşiçin çempionatımızda son oyunu 2008-ci ilin mayın 17-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda olub. Hücumçu “Qarabağ”la 0:0 hesabı ilə nəticələnən səfər oyunu (90 dəqiqə) ilə çıxışını başa vurub. Həmin mövsüm bitəndən sonra vətəninə dönən Branimir məşhur “Srvena Zvezda” klubuna keçib. Ancaq orada möhkəmlənə bilməyən (13 oyun 3 qol) Subaşiç Çinin “Çanqçun Yatay” klubuna icarəyə verilib və geri dönəndən sonra heç oynamayıb. Belqrad təmsilçisi ilə müqaviləsini pozan Subaşiç karyerasını ona çox tanış çempionatda davam etdirməyi üstün tutub.

2007-ci ilin qışında vətənə dönən Vaqif Moskva MOİK-indən Ağdamın “Qarabağ” klubuna keçdi. Hücumçu serb həmkarından fərqli olaraq, burada keçirdiyi müddətdə (77 oyuna 20 qol) bir titul - Azərbaycan kubokunu qazana bildi. Maraqlıdır ki, Cavadovun “Qarabağ”da sonuncu oyunu indiki komandasına qarşı olmuşdu. 2009-cu ilin dekabrın 24-də Ağdamda Quzanlı qəsəbə stadionunda “Bakı” ilə görüş də 0:0 hesabı ilə bitib və Vaqif 90 dəqiqə oynayıb. Hələ ötən yay “Qarabağ”ın heyətində Avroliqada inamlı oyunu ilə Hollandiyanın “Tvente” klubunun diqqətini çəkən Cavadov qışda transfer oldu. Təəssüf ki, həm çempion olan, həm də ölkə Superkubokunu qazanan Enshede təmsilçisində 8 ayda rəsmi debüt edə bilməyən həmyerlimiz yalnız yoxlama oyunlarında və əvəzedici komandada meydanda çıxmaqla barışmalı oldu.

Göründüyü kimi, hər iki hücumçuların uğurlu karyera keçirdikləri komandalardan gedişi karyeralarında uğursuzluqla nəticələndi. Belə olan halda, Azərbaycana dönməyə qərar verən Branimirlə Vaqif uzun müddətdir korluq çəkdikləri oyun praktikasını qazanmağa və yığmada yenidən diqqət mərkəzinə düşməyə çalışır. Hücumçular yeni klublarında əsas heyətdə meydana çıxaraq, 90 dəqiqə oynayıblar. Subaşiçin ayağı “Qəbələ”yə düşərli oldu. Belə ki, ingilis baş məşqçi Toni Adamsın rəhbərlik etdiyi komanda ilk qələbəsini Tovuzda “Turan” üzərində qazandı - 1:0. Cavadovlu “Bakı” isə “Gəncə” ilə ev oyununda həmin hesabla irəlidə olsa da, sonda heç-heçə ilə kifayətlənməli oldu (1:1).

Qeyd edək ki, Cavadovdan fərqli olaraq, Subaşiç ötən yaydan yığmamıza dəvət olunmur. Onun gedişindən sonra daha çox əsas heyətdə yer alan Vaqif oyunu, vurduğu qollarla mövqeyini möhkəmlətmişdi.

Mehman SÜLEYMANOV