Bakıda oynayan komanda acgözlüyə görə cəzalana bilər
14.09.2010 - 10:17
Bakıda oynayan komanda acgözlüyə görə cəzalana bilər
UEFA Slovakiyanın “Jilina” klubunu cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, buna slovakiyalıların acgözlüyü səbəb olub.

“Jilina” rəhbərliyi Çempionlar Liqasının ilk oyununda İngiltərənin “Çelsi” klubunu qəbul etməsindən yaxşı qazanmaq arzusuna düşüb. Onlar adlı-sanlı rəqibin Slovakiyaya gəlişinin böyük maraq doğurduğunu nəzərə alaraq biletlərin qiymətini qaldırıblar. İndi bu oyunu izləmək istəyənlər 75-500 ABŞ dollarından keçməlidir. Hərçənd klubun ölkə çempionatındakı oyunlarına bilet cəmi 10 dollaradır. Baş verənləri yaxından izləyib müzakirəyə çıxaracaq UEFA qiymətlərin belə kəskin dəyişməsindən narazıdır.

Qeyd edək ki, acgöz “Jilina” 2005/06 mövsümündə UEFA kubokunun təsnifat mərhələsində “Bakı” klubu ilə qarşılaşıb. Ölkəmizdəki matçda 1:0 hesabı ilə uduzan slovakiyalılar öz meydanında bunun əvəzini çıxa bilmişdi - 3:1.