Mirça Rednikin siftəsi, “Xəzər Lənkəran”ın yubileyi
14.09.2010 - 11:01
Mirça Rednikin siftəsi, “Xəzər Lənkəran”ın yubileyi
Unibank Premyer Liqasının V turu “Xəzər Lənkəran” klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Bakıda MOİK-i 3:0 hesabı ilə yenən cənub klubu cari mövsümdə ilk dəfə böyük hesablı qələbə qazandı. Bununla da cari mövsümdə “Xəzər Lənkəran”ın baş məşqçisi postuna keçən rumıniyalı Mirça Rednik ilk belə uğura sevindi.

Komanda sonuncu böyük hesablı qələbəsini ötən mövsümün gedişində qazanmışdı. “Altılığ”ının I turunda evdə “Qəbələ” ilə görüşən lənkəranlılar 4:1 hesablı qalibiyyətə sevinmişdi. Lənkəranlı azarkeşlər martın 12-dəki həmin zəfərdən sonra növbəti böyük hesablı qələbəni 184 gün gözləməli oldular. Bu müddətdə komanda 18 oyun keçirsə də, heç birində 3 və daha artıq top fərqi ilə qalib gəlməmişdi.

“Xəzər Lənkəran” iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb. Belə ki, 2004/05 mövsümündə 8, 2005/06-da 1, 2006/07-da 6, 2007/08 və 2008/09-da hərəyə 5, 2009/10-da 4, 2010/11-da 1 belə qələbə olub. Göründüyü kimi, MOİK üzərində qələbə “Xəzər Lənkəran”ın tarixində Premyer Liqa tarixində yubiley - 30-cu böyük hesablı qələbəsidir.

Ölkə kubokunda isə Cənub təmsilçisi 10 böyük hesablı qələbə qazanıb. Bu, ilk və hələ kuboka start verilməyən indiki mövsümdə olmayıb. 2005/06 və 2008/09-da 2, 2006/07 və 2007/08-da 3 belə qələbə qeydə alınıb. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” yarandığı gündən 40-cı dəfə 3 və daha artıq top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2004-cü ilin yayında yaradılıb.

Mənbə: lankaranfc.com