AFFA MOİK-i üç oyun kapitansız oynamaq məcburiyyətində qoydu
14.09.2010 - 12:33
AFFA MOİK-i üç oyun kapitansız oynamaq məcburiyyətində qoydu
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə Unibank Premyer Liqasının son turunun oyunlarında baş berən hadisələri müzakirə edərək uyğun qərarlar çıxarıb.

V turun “Xəzər Lənkəran”la oyununun 72-ci dəqiqəsində azarkeşlərin ünvanına qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alan MOİK-in kapitanı Fərid Həşimzadə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Həmin vaxt “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ödəyəcək.

AZAL – “Simurq” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ziyana düşüb. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Vüsal Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, buna görə o, 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

“Bakı” – “Gəncə” matçında qırmızı vərəqə alan oyunçuların taleyi eyni olub. 59-cu dəqiqədə meydandan qovulan İbrahim Karqbo və 18 dəqiqə sonra qırmızı vərəqə alan Əziz Quliyev hərəyə 1 oyunluq “istirahət” qazanıblar. “Bakı” onların hərəsi üçün 200 manat cərimə ödəməli olacaq.

Mənbə: affa.az