Dmitri Kruqlov: Qoy “Neftçi”nin oyunu baş məşqçisinin xoşuna gəlsin
14.09.2010 - 14:29
Dmitri Kruqlov: Qoy “Neftçi”nin oyunu baş məşqçisinin xoşuna gəlsin
“Qarabağ” əsas rəqiblərimizdən idi. Həm bu amilə, həm də liderlə xal fərqinin artmasına imkan verməmək üçün qələbə qazanmalı idik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov deyib.

Çempion olduğu ötən mövsümlə müqayisədə hələlik öz oyununu nümayiş etdirə bilməyən “bankirlər” heç olmasa yaxşı nəticə qazanaraq, liderlər qrupundan ayrı düşməməyə çalışır. Əksər mütəxəssislər çempionluq uğrunda mübarizədə “Neftçi”nin şanslarını yüksək qiymətləndirsə də, futbolçular fərqli düşünürlər. “Ağ-qaralar”ın sabiq oyunçusu, hazırda isə “İnter”in formasını geyinən Kruqlov mövsümün yeni başladığından komandaların hamısının şansının olduğunu deyib: “Hələ cəmi 5 tur arxada qalıb. Kimin güclü, kimin zəif olduğunu demək olmur. “İnter” Çempionlar Liqasında iştirak etdiyindən, digər klublarla müqayisədə hazırlıq keçmək üçün az vaxtımız olub”.

Estoniya yığmasının futbolçusu sabiq komandasının oyunlarını izləmədiyini bildirib: “Neftçi”nin oyunlarını izləmirəm. Qoy komandanın oyunu baş məşqçisinin xoşuna gəlsin”.

Qeyd edək ki, 2008-ci ilin qışında “Neftçi”yə keçən Kruqlov mövsüm bitəndən sonra komandanı tərk edib.