Ramiz Məmmədov: Nəticələri Lui van Qalla birgə təhlil etdik
14.09.2010 - 15:05
Ramiz Məmmədov: Nəticələri Lui van Qalla birgə təhlil etdik
“Bavariya”nın bir neçə məşq prosesini izlədik. Komandanın oyunlarına, oyundan sonra bərpa prosesinə baxdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov deyib. Pro kateqoriyalı məşqçi kurslarına qatılan və Almaniyanın son çempionu “Bavariya”nın düşərgəsində bir həftə olan həmyerlimiz baş məşqçi Lui van Qalla da görüşüb: “Köməkçiləri ilə bütün məşq prosesini izlədik. Sonda baş məşqçi Van Qalla görüşdük və fikir mübadiləsi apardıq, nəticələri bir yerdə təhlil etdik. Onun 4 köməkçisi ilə də görüşdük”.

Digər məşqçimiz Elxan Abdullayevin də iştirakçısı olduğu təcrübə müddətində Məmmədov bir sıra yeniliklərin də şahidi olub: “Xüsusilə taktiki hazırlıq, gündəlik məşq rejimi futbolçuların yığmadan qayıtdıqdan sonra bərpa prosesi mənim üçün maraqlı oldu. Yenilikləri özüm üçün beynimdə improvizə etdim”.

42 yaşlı məşqçi sonda dünyanın tanınmış klublarından olan “Bavariya” haqqında da fikirlərini bildirib: “Çempionlar Liqasının sonuncu finalçısı olan “Bavariya” sadə, eyni zamanda mürəkkəb komanda xarakterinə malikdir. Orada azarkeşlərə qarşı olan münasibət belə fərqli idi. Çox yeniliklərlə qarşılaşdıq. Arzum budur ki, bu cür ab-hava bizim klublarda da yaradılsın”.

Qeyd edək ki, Toni Adams mayda “Qəbələ”nin baş məşqçi postuna gələndən sonra Məmmədov onun köməkçilərindən biridir.