“Əsas rəqiblərimizin “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” olduğunu desəm, Amerika kəşf etmərəm”
15.09.2010 - 10:22
“Əsas rəqiblərimizin “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” olduğunu desəm, Amerika kəşf etmərəm”
"İnter"in futbolçusu Rövşən Əmiraslanovun klubunun rəsmi saytına müsahibəsi

- “Xəzər Lənkəran”la oyunda zədə aldınız. Bərpa prosesiniz necə keçir?
- 10 gün, ümumiyyətlə, məşq etmədim. Ancaq tez sağaldım və artıq 3 gündür komanda ilə birlikdə məşq edirəm.

- Adi oyun epizodunda zədə aldınız...
- Bəli, hər şey adi epizodda baş verdi. Ümumiyyətlə, nə baş verdiyini anlamadım.

- “Qarabağ”la son oyun barəsində nə deyərdiniz?
- Biz yaxşı futbol sərgilədik, “Qarabağ”ı üstələdik. Nədəsə bəxtimiz gətirdi, lakin ümumilikdə biz güclü idik və haqlı olaraq qalib gəldik.

- İndi bizi Qəbələyə səfər gözləyir. Qarşıdakı oyun barədə nə fikirləşirsiniz?
- Biz bütün rəqiblərimizə turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq eynilə ciddi yanaşırıq. “Qəbələ” bu il hiss olunacaq dərəcədə güclənib, komandaya bir çox güclü, yüksək səviyyəli futbolçular cəlb olunub. Komandaya tanınmış mütəxəssis Toni Adams rəhbərlik edir. Onlar öz meydanlarında oynayacaqlar və bu onlar üçün əlavə stimul olacaq. Axı, “Qəbələ” azarkeşlərini sevindirməyə can atacaq. Lakin ümid edirəm ki, biz qalib gələcəyik və növbəti üç xalı qazanacağıq.

- Meydana çıxmağa hazırsınız?
- Dəqiq bilmirəm. Bunu baş məşqçidən və həkimlərdən soruşmaq lazımdır. Əgər həkimlər icazə versələr, baş məşqçi də meydana çıxmağımı düzgün hesab edərsə, o zaman mən hazıram!

- Almaniya-Azərbaycan qarşılaşması barədə nə deyərdiniz?
- Nə deyə bilərəm? Komandamız oyun göstərə bilmədi.

- Digər azərbaycanlı futbolçular kimi, sən də millidə oynamağa ümid edirsən...
- Bəli, bu, mənim arzumdur. Mən Azərbaycanın gənclərdən ibarət bütün milli komandalarında çıxış etmişəm və ölkənin əsas komandasına dəvəti səbirsizliklə gözləyirəm. Əgər məni nə vaxtsa milliyə çağırsalar, özümü göstərmək üçün əlimdən gələni edərəm.

- “İnter”in çempionatdakı perspektivi barədə nə deyərdiniz?
- “İnter”in uğurları göz qabağındadır. Komanda altı ildir fəaliyyət göstərir, lakin bu müddət ərzində iki dəfə çempion olmağı və gümüş medal qazanmağı bacarıb. “İnter” bu il də çempionluğa ən layiqli komandalardan biridir. Komanda Kaxaber Sxadadzenin baş məşqçi postuna gəlişindən sonra çox dəyişib. O komandanın oyun üslubunu Avropa tərzinə uyğun kökündən dəyişdirib. İndi komanda mobil və dinamik futbol sərgiləyir. Hər oyunda biz yalnız qələbəyə oynayırıq.

- Əsas rəqiblərdən hansı komandanı qeyd edərdiniz?
- Əsas rəqiblərimizin “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” komandalarının olduğunu desəm, Amerika kəşf etmərəm. Bütün bu klublar yalnız çempionluq uğrunda mübarizə aparırlar, lakin nəticədə çempionluq ən yaxşı komandaya nəsib olur. Bu o deməkdir ki, indiki çempionatda görünməmiş rəqabət var. Bundan başqa, digər klubları da, elə “Qəbələ”ni də hesabdan silmək olmaz.

- Karyerana başlayanda belə bir güclü çempionat olacağını ehtimal etmişdiniz?
- Bu barədə düşünməmişdim. Lakin o zaman artıq görünürdü ki, futbol inkişaf edir. Azərbaycan birinciliyində çıxış edən və Qəhrəman Əliyevin çalışdırdığı “Şəmkir” komandasının heyətində oynadığım zaman cəmi 16 yaşım vardı. O vaxt Vidadi Rzayev və Mahmud Qurbanov kimi futbolçular oynayırdılar. Onlardan çox şey öyrənmişəm. Onlar mənə çox faydalı məsləhət verirdilər. Deyirdilər ki, ilk növbədə özümə qarşı tələbkar olmalıyam. Uğura nail olmaq üçün çox məşq etməyimi vurğulayırdılar. Onlar mənə doğru yol göstərdilər və buna görə minnətdaram. Xoşbəxtəm ki, hazırda “İnter” komandasında çıxış edirəm, bu komanda uğrunda mübarizə aparmaq çox xoşuma gəlir.

- Avropada hansı futbol üslubu xoşunuza gəlir?
- İspan futbolundan çox xoşum gəlir. İspaniya yığması və “Barselona” qeyri-adi futbol sərgiləyirlər, onların çox yüksək texnikaları var. Lionel Messini çox bəyənirəm. O, mənə Dieqo Maradonanı xatırladır. Belə futbolçular təkbaşına istənilən matçın taleyini həll etməyə qadirdirlər. Onun möhtəşəm driblinqi və qeyri-adi oyun manerası var.

- Yeri gəlmişkən, sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsinin oyunları başladı. Necə düşünürsünüz, nə zamansa bizim komandalar da qrup mərhələsinə düşə biləcəklərmi?
- İnanıram ki, bu baş verəcək, özü də tezliklə. Bu il Avropa Liqasının qrup mərhələsinə düşməyə “Qarabağ” çox yaxın oldu. Biz də “Lex”lə pis oynamadıq, daha irəliyə gedə də bilərdik. Sadəcə, özünə inanmaq lazımdır. Axı rəqiblər də bizim kimi futbolçulardır. Heç nədən qorxmaq lazım deyil.