Ərtoğrul Sağlam: “Valensiya”ya məğlubiyyətə görə çox üzr istəyirəm
15.09.2010 - 10:50
Ərtoğrul Sağlam: “Valensiya”ya məğlubiyyətə görə çox üzr istəyirəm
“Valensiya” qarşısında gücsüz olduq. Rəqibimiz çox yaxşı bir komandadır. Onun kimi rəqiblərə qarşı daha çox qaçmalı və daha çox istəkli oynamağımız lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin Çempionlar Liqasında təmsil edən “Bursaspor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam deyib.

Avropanın nüfuzlu turnirində debütü çox uğursuz alınan Bursa təmsilçisi evdə İspaniyanın “Valensiya” klubu tərəfindən darmadağın olundu - 0:4. Sağlam ötən mövsüm çempion etdiyi komandanın aciz qaldığını gizlətməyib: “İlk qolda çox şanssız oldu. Bundan sonra əsəblər pozuldu. İlk hissənin sonunda buraxdığımız ikinci top tamamilə əhval-ruhiyyəmizi pozdu. İkinci hissədə üstünlüyü ələ keçirdik, təzyiqi artırdığımız vaxt üçüncü qolu buraxdıq. Yəni çox pis qol yedik. Bu, bizim səviyyədə komandaya yaraşmadı. O qol oyunu korladı. Bəlkə onu buraxmasaydıq, daha fərqli olacaqdı”.

“Bursaspor”un gənc çalışdırıcısı bu acı məğlubiyyətdən dərs çıxarıb, bəraət qazanmağa çalışacaqlarını bildirib. O, belə məğlubiyyətə görə üzr istəməyi də lazım bilib: “Bizim üçün çox pis başlanğıc oldu. Daha 5 oyunumuz var. Bu, sonrakı oyunlar üçün önəmli təcrübə oldu və bəzi həqiqətlərlə bir daha üzləşməməyin vacibliyini göstərdi. Bu oyundan lazımı dərsləri çıxarıb, sonrakı oyunlarda sözümüzü deməliyik. Tərəfdarlarımızdan və bizi dəstəkləyənlərdən də çöz üzr diləyirik. Komandamızın bəzi gerçəklikləri var. Fərdi yox, komanda oyunu göstərərək uğur qazandıq. Ancaq bu gün daha çox fərdi oynamağa çalışdıq. Çox sadə xətalar nəticəsində rəqib səni cəzalandırır. Bəlkə Türkiyə liqasında bu səhvləri düzlədə bilərsən, ancaq bura çox fərqli turnirdir. Rəqib qətiyyən bağışlamır. Bu oyun bizim üçün çox yaxşı bir təcrübə olacaqdır. Təəssüf ki, futbolu sadə oynamağı bacarmırıq. Bu, Türkiyə futbolunun ən böyük çatışmazlıqlardandır”.

Qeyd edək ki, “Bursaspor” II turda Şotlandiyanın “Reyncers” klubunun qonağı olacaq.