Rizvan Fərzəliyev: Heyətimizdə problem var
15.09.2010 - 14:22
Rizvan Fərzəliyev: Heyətimizdə problem var
“Gürcüstan klubunun bizdən güclü olduğunu deyə bilmərəm. Əvvəlki heyətimiz olsaydı onları 4-5 top fərqi ilə məğlub edərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə milli komandanın və Naxçıvanın “Araz” klubunun kapitanı Rizvan Fərzəliyev deyib.

Komandanın kapitanı “İberiya”ya məğlub olmalarını heyətin tam komplektləşməməsi ilə əlaqələndirib. O, yoldaşlıq görüşlərinin məhz bunun üçün təşkil olunduğunu sözlərinə əlavə edib: “Yoldaşlıq görüşlərinin əsas məqsədi komandadakı çatışmazlıqları müəyyən edib aradan qaldırmaqdır. Heyətimizdə problem var. Çempionatın və UEFA kubokunun oyunlarınadək bunu aradan qaldırmağa çalışacağıq. Əvvəlki heyətdən cəmi 3-4 nəfər qalıb. Yeni transfer olunan legionerlər hələ ki komandaya tam uyğunlaşa bilməyiblər. Onların bizim oyun üslubumuza uyğunlaşması üçün müəyyən qədər vaxta ehtiyac var”.

Əsas məqsədlərinin UEFA kubokunda növbəti mərhələyə yüksəlmək olduğunu bildirən Fərzəliyev rəqiblərin oyunlarını izlədiklərini qeyd edib: “Rəqiblərimizin oyunlarını izləmişik. Əsas məqsədimiz elit raunda vəsiqə qazanmaqdır. Əgər yeni transferlər ümidləri doğrultsalar çox güman ki, elit raundda da onlarla mübarizə aparacağıq. Yox, əgər baş məşqçinin tələblərinə cavab verməsələr yəqin ki, yeni oyunçular transfer olunacaq”.

Ötən il Azərbaycanın ən yaxşı futzalçısı seçilən Rizvan ölkə çempionatı ilə bağlı fikirlərini bildirərkən əsas rəqiblərinin “Neftçi” və “Ekol” olduğunu deyib: “İlk turda “Neftçi” ilə qarşılaşacağıq. Çempionluq yarışı 3-4 komanda arasında olacaq. Məncə, bu il daha gərgin və maraqlı çempionatın şahidi olacağıq. Çünki iddialı komandaların sayı artıb”.