Elxan Abdullayev: Azərbaycandan çıxıb gedəcəyəm
15.09.2010 - 17:07
Elxan Abdullayev: Azərbaycandan çıxıb gedəcəyəm
Bakının “İnter“ klubunun və Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Məşqçilikdə ən yüksək dərəcə olan “Pro” kateqoriyası ilə bağlı kurslarda iştirak edirsiniz və Almaniyadan səfərdən yeni qayıtmısınız. “Bavariya”nın məşqlərində iştirak etmiş, baş məşqçi Lui van Qalla görüşmüsünüz. Təəssüratlarınız necədir?
- Əla. Səfərimiz çox yaxşı keçdi. Bildiyiniz kimi, ora “Qəbələ”nin məşqçisi Ramiz Məmmədovla birgə getmişdim. Biz Münhen şəhərindən 20 kilometr aralıda Baterhoven adlanan məkanda qərarlaşmışdıq. “Bavariya”nın bazası orada idi. Biz proqram əsasında çalışır, bu klubun uşaq-gənclər məktəbinə, əsas komandanın məşqlərinə baxdıq, baza, trenajor zalları ilə tanış olduq. “Bavariya” həmin vaxt “Verder”lə ev oyununa hazırlaşırdı. Həm oyun öncəsi məşqlərini, həm də görüşü stadiondan izləmək imkanımız oldu. Orada olduğumuz müddətdə Lui van Qalla görüşdük. O, sonradan iki dəfə məşğələlərə qatılmışdı.

- Maraqlıdır, Lui van Qalla Azərbaycan futbolu ilə fikirləri necədir? Bu haqda söhbətləşmək imkanınız oldu?
- Yox. O, konkret futbolumuzla bağlı bir şey demədi. Lui van Qalla ümumilikdə futbol haqda fikirlərini bildirdi, biz də ona suallar verirdik.

- Seminarda tanınmış əcnəbilərdən kimlər var idi?
- Biz 12 nəfər idik. Bura tanınmış belaruslu futbolçular, uzun illər yığmada və Kiyev “Dinamo”sunda oynamış Aleksandr Xatskeviçlə Valentin Belkeviç daxil idi. Xatskeviç hazırda yığmada məşqçi işləyir, Belkeviç Kiyev “Dinamo”sunda çalışır. Türkiyənin “Kayserispor” klubunun tanınmış gürcü baş məşqçisi Şota Arveladze, Belarus BATE-sinin çalışdırıcı Viktor Qonçarenko də bizimlə idi. Biz ilk olaraq Ukraynanın paytaxtı Kiyevdə idik. Çünki dərslərimiz daha çox orada olur. Ukraynadan Almaniyaya praktiki məşğələlərə getmişdik.

- Almaniyada olduğunuz müddətdə yığmamız bu ölkənin təmsilçisinə 1:6 hesabı ilə uduzmuşdu. Almanlar bu görüş haqda nə danışırdılar?
- Onlar fikirləşirdilər ki, belə də olmalı idi. Yəni bu nəticə almanlar üçün sürpriz olmadı.

- Bəs yığmanın sabiq məşqçisi, Berti Foqtsun köməkçisi işləmiş Elxan Abdullayev bu nəticəni necə qarşıladı?
- Təbii ki, üzüldüm. Əlbəttə, belə uduzmaq xoş deyil. Ümumiyyətlə, heç kim məğlub olmağı sevmir, bunu istəmir. Ancaq Almaniyada uduzmağımız gözlənilməz olmadı. Çünki səviyyə fərqi böyükdür. Oyun göstərdi ki, biz hansı səviyyədəyik, almanlar hansı səviyyədə.

- Almaniya – Azərbaycan oyununu izləyə bildinizmi?
- Yox. Çünki biz oyun keçirilən günü, sentyabrın 7-də Ukraynada idik. Orada isə həmin görüşü göstərmirdilər. Biz oyunun ertəsi Almaniyaya gəldik və yığma həmin vaxt bu ölkəni tərk etmişdi.

- “İnter”dən gedəndən sonra işsiz qalmışsınız. Gələcək məşqçilik fəaliyyətinizi necə görürsünüz?
- İndi bütün diqqətimi “Pro” kateqoriyasını almağa yönəltmişəm. Noyabrda diplom işlərim olacaq. Dekabrda isə Kiyevdə imtahanlarda iştirak edəcəyəm. Bunu uğurlu verəndən sonra “Pro” diplomuna sahib olacağam. Açığı, Azərbaycanda işləməyimə heç bir ümidim yoxdur. Çünki başa düşdüm ki, burada yerli məşqçilər elə də lazım deyil. Ona görə də “Pro”nu alandan sonra burdan çıxıb gedəcəyəm. Xaricdə çalışmaq fikrindəyəm və bu işdə menecerlərin köməyindən yararlanmağa çalışacağam. Variantlardan birini dəyərləndirərik.

- Sizcə, niyə öz məşqçilərimiz kənarda qalır, bizimkilər daha çox xarici mütəxəssislərə güvənirlər?
- Məşqçilərimizin çoxu işləmirsə, deməli, bizimkilərə yer yoxdur. Belə bir istiqamət götürülüb ki, daha çox əcnəbiləri dəvət edək. Görünür, biz lazım deyilik. Ancaq bu istiqamət pisdir. Belə başa düşürəm ki, düzgün yolda deyilik. Ancaq heç kimi məcbur edə bilmərik. Sadəcə, Belarus nümunəsi, BATE-nin öz gənc baş məşqçisi ilə Çempionlar Liqasının və Avroliqanın qrup mərhələsi çıxması öz çalışdırıcına inanmaq praktikasının daha doğru olduğunu göstərir. Məşqçiyə də təklif olmalıdır. O da buna baxıb, qərar verməlidir. Yoxsa mən gedib ağız açıb, yalvarası deyiləm ki, mənə iş verin.

- Millimizdə vaxtı ilə yer aldığınız köməkçi məşqçi postu uzun müddət boş qaldı. “İnter”dən gedəndən sonra, yəni yenidən Foqtsun köməkçisi olmaq variantınız oldumu?
- Foqtsun özü mənimlə müqavilə uzatmayıbsa, deməli, lazım deyilənmiş. Həmin vəzifəyə yaxınlarda Vəli Qasımov təyin edildi. O da tanınmış futbolçumuz olub. Mən Vəliyə işində uğurlar arzulayıram. Sevinirəm ki, axır ki yığmaya azərbaycanlı məşqçi təyin edildi.

Mehman SÜLEYMANOV
0