Joze Mourinyoya Portuqaliya yığmasının baş məşqçisi postu təklif edildi
16.09.2010 - 14:46
Joze Mourinyoya Portuqaliya yığmasının baş məşqçisi postu təklif edildi
Məşhur portuqaliyalı məşqçi Joze Mourinyo yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun çalışdırıcısına Portuqaliya yığmasının baş məşqçisi postu təklif olunub.

Ölkənin futbol federasiyasının prezidenti Jilberto Madal bu məqsədlə İspaniyaya yollanıb. O, Mourinyonu yığmaya Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı iki oyununda rəhbərlik etməyə inandırmağa çalışacaq.

Portuqaliya yığması bu ayın əvvəlində istefaya göndərilən Karlus Keyruşun rəhbərliyi altında ilk iki seçmə oyunda evdə Kiprlə heç-heçə edib, səfərdə Norveçə uduzub və qrupda sondan əvvəlki yerdə gedir. İndi federasiya rəhbərliyinin planına Mourinyonun oktyabrın 8-də Danimarka, 4 gün sonra İslandiya ilə görüşdə yığmanı çalışdırması daxildir. Problemlərdən biri “Real”ın çalışdırıcısının eyni zamanda iki vəzifəni icra etməsidir. Ancaq söhbətin hələ ki yalnız iki oyundan getdiyini nəzərə alsaq, Madrid klubunun rəhbərliyi buna razı ola bilər.

Qeyd edək ki, Mourinyo indiyə kimi heç bir yığmada işləməyib.