“Anji”nin məşqçisi: Mahir Şükürov mətbuatda həddən artıq çox danışır
16.09.2010 - 15:40
“Anji”nin məşqçisi: Mahir Şükürov mətbuatda həddən artıq çox danışır
”Əlbəttə, hansısa özəllikləri nəzərə almaq vacibdir, ancaq indiki vəziyyətdə Mahir Şükürov mətbuatda həddən artıq çox danışır. Əgər Mahir nəsə demək istəyirdisə, bunu məşqçi ilə söhbətdə deməli idi. Ancaq onun yorulduğunu deməsi... Biz ona bir, yaxud iki ay ərzində istirahət verə bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun məşqçisi Andrey Qusin deyib.

Tanınmış ukraynalı veteran futbolçu rəhbərliyi altında oynayan Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Şükürova iradlarını çatdırıb. Mahir son turda “Rostov”la səfər oyununa getməyərək, psixoloji vəziyyəti ilə əlaqədar ona istirahət verilməsini xahiş edib. Qusin Şükürovun hərəkətlərini düzgün saymır: “Bəzi futbolçular fikirləşir ki, onlar çox şeydə özəldirlər. Ancaq əslində bu, belə deyil. Ola bilsin ki, bütün oyunçular özlərinə hansısa xüsusi diqqət istəyirlər. Ancaq məşqçi kiməsə hansısa xüsusi münasibət göstərməməlidir. O başqa məsələ ki, Şükürov məğlubiyyəti tez yaddan çıxarmalıdır. O, hansısa gurultulu bəyanatlar verib və bundan sonra əziyyət çəkib. Fikrimcə, belə şeylər komandanın xeyrinə deyil”.

“Anji”nin məşqçisi Mahirlə psixoloji vəziyyəti ilə bağlı bu gün söhbətləşəcəyini bildirib: “Məni iş maraqlandırır, sözlər yox. Komandaya işləməyə hazırsan? Hazırlaş. Ehtiyatda oturub, sonradan meydana çıxmağa hazırsan? Bunu komanda naminə etmək lazımdır”.