Samir Əliyev: Onlar Zaqataladan maksimum nəticə ilə dönmək istəyirlər
16.09.2010 - 16:28
Samir Əliyev: Onlar Zaqataladan maksimum nəticə ilə dönmək istəyirlər
“Hələ komanda istədiyi oyunu nümayiş etdirə bilmir. Ancaq turdan-tura artıracağımızı düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un hücumçusu Samir Əliyev deyib.

Mövsümlərarası fasilədə “Neftçi”dən ayrılaraq “Simurq”la anlaşan forvard gənclərlə çiyin-çiyinə oynayır. Yığmanın da formasını geyinmiş təcrübəli futbolçu gənclərlə oynamağın bir qədər çətin olduğunu bildirib. Xüsusilə də ustalıq baxımından axsayan gənclərin qazandığı nəticələr də ürəkaçan deyil. Bunun nəticəsidir ki, Zaqatala təmsilçisi cari mövsümdə 5 oyunda keçirib və hələ qələbə qazana bilməyib. Sentyabrın 19-da evdə “Bakı” ilə qarşılaşacaq əyalət klubu əzmkarlıq hesabına xal qazanmaq istəyir: “Sona qədər mübarizə aparacağıq. Cavan uşaqlardır, çıxıb meydanda bütün güclərini qoyacaqlar. Çətin olacağını bilirik. “Bakı” da ardıcıl xallar itirib. Onlar Zaqataladan maksimum nəticə ilə dönmək istəyirlər. Biz də meydana məğlub olmaq üçün çıxmayacağıq”.