Almir Hurtiç: “Muğan”ın hədəfi ilk “altılığ”a düşməkdir
16.09.2010 - 17:48
Almir Hurtiç: “Muğan”ın hədəfi ilk “altılığ”a düşməkdir
Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Almir Hurtiçin müsahibəsi

- Komandanın son həftələrdəki nəticələrini necə qiymətləndirərdiniz?
- Doğrudur, son həftələrdə qələbəni təmin edə bilmirik və “Neftçi”yə qarşı keçirilən matçda da şanssız anlar yaşadıq. Düşünürəm ki, hələlik turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Lakin biz bununla kifayətlənmək fikrində deyilik. Bizi bu həftə və daha sonra bizi çətin sınaqlar gözləyir.

- Son matçlarda 3 xalı əldə edə bilməməyinizi nə ilə əlaqələndirərdiniz?
- Bu, futboldur. Hər komanda üçün şanssızlıq dönəmi ara sıra olur. Komandanın son turlarda sərgilədiyi oyundan razıyam. Heyətin mübarizliyi məni qane edir. ”Neftçi” ilə keçirilən son oyunun 1-ci hissəsində bir növ müdafiə oyunu nümayiş etdirdik, bir sıra qol məqamları oldu. Lakin bir epizodda biz qolun astanasında idik. İkinci hissə isə meydanda daha baxımlı futbol nümayiş etdirdik.

- Bu mövsüm üçün hədəfləriniz barədə deyə bilərsiniz?
- Bu mövsüm üçün hədəf ilk “altılıq”dır. Mənə elə gəlir ki, komandanın heyəti, oyun səviyyəsi buna nail olmağa imkan verir. Lakin bunun üçün futbolçulardan çox şey tələb olunur. Rəqibin kimliyindən asılı olmayaraq onlar hər matça eyni dərəcədə məsuliyyətlə yanaşmalıdırlar. Mən onlarda məsuliyyət hissinin lazımi səviyyədə olduğunu düşünürəm və onlara güvənirəm. Nəticəni isə zaman göstərəcək.

- Hazırkı futbol çempionatının səviyyəsi sizi qane edirmi?
- Həqiqətən hər yeni mövsüm biz daha səviyyəli və daha maraqlı qarşılaşmalar izləyirik. Təbii ki, bu irəliləyişdən xəbər verir. Sadəcə, bir faktı qeyd etmək olar ki, artıq heç bir komanda üzərində asanlıqla qələbə qazanmaq olmur. Hər ötən matç daha mübariz xarakteri ilə seçilir. Bu, çox müsbət haldır və Azərbaycan futbolunun inkişafından xəbər verir.

- “Xəzər Lənkəran”la şənbə günü keçiriləcək matçdan qələbə gözləmək olarmı?
- İstənilən halda, biz bu matça da digərləri kimi qələbə üçün çıxacağıq. Oyunun doğma divarlar arasında olması bizim üçün üstünlükdür və bundan maksimum dərəcədə yararlanmağa çalışacağıq.

- Hansı komandanı “Muğan” üçün ən güclü rəqib hesab edirsiniz?
- Bizim üçün bütün rəqiblər eynidir və istənilən rəqibə qarşı keçiriləcək görüşə eyni məsuliyyətlə hazırlaşarıq. Təbii ki, mübarizə nöqteyi-nəzərdən turnir cədvəlində ön pillələrdə qərarlaşan komandalara qaşı keçirilən oyunlar adətən daha maraqlı olur. Çünki bu komandalar öz lider mövqeyini qoruyub saxlamaq üçün hücum futboluna üstünlük verir. Bu təqdirdə “Muğan” da rəqibə qarşı eyni mövqedə çıxış edir.

- Azarkeşlərə nə demək istərdiniz?
- “Muğan”ın azarkeş dəstəyindən çox razıyam. Həqiqətən də onlar istənilən şəraitdə komandalarını dəstəkləməyi unutmurlar. Növbəti matçda da onlardan dəstək gözləyirik və onları sevindirmək üçün səylərimiz maksimum dərəcədə ortaya qoyacağıq.

Mənbə: muqanfc.az