“Bizdə bar, diskoteka deyiləndə pozğunluq məkanı nəzərdə tutulur“
18.09.2010 - 23:01
“Bizdə bar, diskoteka deyiləndə pozğunluq məkanı nəzərdə tutulur“
Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Hazırda komandadakı işlərinizdən nə dərəcədə razısınız?
- Şükürlər olsun ki, hər şey qaydasındadır. Komandamız turnir cədvəlinə başçılıq edir. “Xəzər Lənkəran”la eyni sayda xal toplasaq da, top fərqinə görə biz üst sırada qərarlaşmışıq.

- Deyəsən, “İnter”lə oyundan sonra komandanı çox təriflədilər. Çünki “Muğan”a qarşı çox zəif çıxış etdiniz...
- “İnter”ə qədər keçirdiyimiz oyunlarda da yaxşı çıxış etdik. Ola bilsin, “Muğan”la matça bir qədər arxayın çıxmışdıq. Bunun bizə mane olacağını düşünmürəm. Çünki komandanın öz oyun dəst-xətti var. Həm də “Neftçi”yə qarşı bütün komandalar var gücləri ilə oynayırlar.

- KİV-in “Neftçi”ni vaxtından əvvəl çempion elan etməsi futbolçulara necə təsir edib?
- Yox, çempionluq haqqında danışmaq olduqca tezdir. Hələ heç birinci dövrə başa çatmayıb. Sevindirici haldır ki, komanda yaxşı vəziyyətdədir. Mətbuatda yazılanlara gəldikdə, biz peşəkarıq. İşimizi görürük.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Məşq və oyunlarla əlaqədar boş vaxtlar az olur. İmkan tapan kimi, dost-tanışla görüşürəm, oturub dərdləşirik. Yorğunluq çox olduğuna görə, dincəlməyə üstünlük verirəm.

- Gəncsiniz, yəqin dinamik həyatı daha çox xoşlayırsınız?
- Hər gün eyni hadisələri yaşamaq olmur. Bu insanı yorur. Çalışıram ki, yeniliklər edim.

- Gənclər daha çox dincəlmək üçün istirahət mərkəzlərinə üz tuturlar. Siz necə, bu cür yerlərə gedirsinizmi?
- Xeyr, bu cür yerlərə getməyi xoşlamıram. Bar, diskotekanın nə olduğunu bilmirəm. Bu cür yerlərə bundan sonra da ehtiyac duymaram.

- Niyə isə bizdə bar, diskoteka adı gələndə bir qədər qəribə səslənir...
- Bəli, bizdə bar, diskoteka deyiləndə, pozğunluq olan məkan nəzərdə tutulur. Ona görə də belə yerlərə getməyi özümə sığışdırmıram. Çalışıram dostlarımla bir məkanda vaxt keçirək.

- Subaysınız, qız tanışlarınız çoxdurmu?
- Sözün düzü, əlaqəm yoxdur.

- Heç sizə yaxınlaşan qızlar olubmu?
- Olmayıb.

- Sevmisinizmi?
- Belə şeylərdən kənaram. Sevginin nə olduğunu bilmirəm. Bilmirəm deməklə, bunun nəsə qəribə bir şey olduğunu da söyləmək istəmirəm. Sadəcə, qarşıma belə bir insan çıxmayıb. İnşallah, xeyirlisi nədirsə, o da olacaq.

- İnternetdə necə, çox vaxt keçirirsiniz?
- “Odnoklassiki”də çox “otururuq”. Bu da daha çox xaricə gedəndə olur. Oteldə qalan zaman vaxt keçmədiyinə görə tanışlıq saytlarından istifadə edirik.

- Yəqin kimlərlə isə tanış olursunuz...
- Əlbəttə, söhbətlər gedib. Amma görüşmək olmayıb.

- Əsasən hansı mövzuda söhbət edirsiniz?
- Daha çox Azərbaycan futbolu haqqında danışırıq. Futbolumuzun niyə belə olduğunu və nə vaxt düzələcəyini xəbər alırlar.

- Sonuncu dəfə U-21 yığması ilə Belarusa səfər edibsiniz. Eşitdiyimə görə, yerli qızlar futbolçularımıza daha çox maraq göstəriblər...
- Elvin Məmmədovla bir otaqda qalırdıq. Başqa futbolçuları deyə bilmərəm, Elvinlə mən oteldən kənara çıxmadıq. Komanda yoldaşlarım çıxıbsa, buna pis baxmaq lazım deyil. Şəhəri gəzmək də lazımdır.

- Harasa gedəndə, qaldığınız şəhəri gəzməyi xoşlamırsınız?
- Xoşlayıram. Amma oyuna konsentrasiya olmaq üçün matç qurtarana qədər heç yerə getmədik. Oyundan sonra da gec oldu. Bir az da yorğun idik. Çox qaçdıq, nəticə qazanmaq istəyirdik. Buna görə də , oteldən kənara çıxmadıq.

- Artıq 22 yaşınız var. Ailə həyatı qurmaq haqqında düşünmürsünüz?
- Düşünürəm. Qarşıdakı 2-3 il ərzində ailə həyatı quracağam.

- Namizəd varmı?
- Hələ yox.

- Sizin üçün ailə həyatı quracağınız xanım hansı standartlara cavab verməlidir?
- Xarici görünüşə də diqqət yetirəcəyəm. Əsas savadlı, təhsilli olmasıdır.

- Hədiyyə almaqla aranız necədir?
- Ən çox anamla bacıma hədiyyə almışam. Hədiyyə alanda çox çətinlik çəkirəm. Gülün yanında nə isə almaq haqqında çox fikirləşirəm.

- Bəs özünüz üçün xüsusi çəkisi olan hər hansı hədiyyə qəbul etmisinizmi?
- Yaxınlarda dostlarım üzərində dini sözlər yazılmış plakat bağışladılar. Bu hədiyyənin mənim üçün xüsusi önəmi var.

- Kitab oxuyursunuz?
- Səbrim çatmır. Bir-iki dəfə kitab oxumağa cəhd etmişəm, amma sona qədər oturub oxuya bilmirəm. Televizora da çox baxmıram.

- Pelenin belə bir ifadəsi var: futbol beyinlə düşünülür, ayaqla oynanılır. Necə düşünürsünüz, futbolçularımızın zəif oynamasında bu amilin də rolu varmı?
- Düzdür, bunun da rolu var. Meydana gərək problemsiz çıxasan. Çöldəki problemin haqqında düşünsən, meydanda oyunun alınmayacaq. Ancaq bizdə problemsiz yaşamaq mümkün deyil.

- Arzunuz nədir?
- Çalışmışam ki, əməlimlə anamın, bacımın üzünü ağ edim. Həmişə onlarla məsləhətləşmişəm. Anamın futbol haqqında anlayışı elə də çox deyil. Amma məlumat verdikcə, hadisələrdən xəbərdar olur.