Yığmamızın rəqibinin futbolçusu top daşıdığı vaxtlardan danışdı
18.09.2010 - 13:39
Yığmamızın rəqibinin futbolçusu top daşıdığı vaxtlardan danışdı
Avro-2012-də Azərbaycan yığmasının rəqibi Almaniya milli komandasının aparıcı üzvü Bastian Şvaynştayger uşaqlıq xatirələrini yada salıb. Apasport.az saytının məlumatına görə, “Bavariya”da forma geyinən yarımmüdafiəçinin kiçik yaşlarında top daşıdığı vaxtlar ən unudulmaz anı Ouen Hargrivizə yalvararaq butsularını aldığı gün olub.

O bildirib ki, meydanda məşhur futbolçuları görərkən çox sevinirmiş. Bunun üçün uşaqlıq illərini ancaq komandanın düşərgəsində keçirirmiş: “Balaca idim. Futbolun sirlərinə yenicə yiyələnməyə başlayırdım. Bunun üçün stadionda əsasən top daşımaqla günümü keçirirdim. Meydana yaxın olmaq, futbol ulduzların görmək mənə xoş anlar bəxş edirdi. Kann, Elber, Jeremis, Link, Şoll... Onları məşq edərkən də izləyirdim. Məktəbdə dərs bitən kimi günümü stadionda keçirirdim. Bir dəfə Ouen Hargrivizin tək hazırlaşdığını gördüm. Onu yaxşı tanıyırdım və ayağında məşhur futbolçuların geyindikləri butsular var idi. Ona bunları mənə vermək üçün çox yalvardım. Məni məyus etmədi və istəyimi gerçəkləşdirdi. Həmin an isə sevincimi sözlə ifadə etmək mümkün deyil”.

Qeyd edək ki, 26 yaşlı Şvaynştayger “Bavariya”nın yetirməsidir və Ouen Hargriviz də 1997-2000-ci illərdə bu komandanın şərəfini qoruyub.