“Xəzər Lənkəran” etiraz edir: Mirça Rednikin fikirləri təhrif olunub
19.09.2010 - 11:11
“Xəzər Lənkəran” etiraz edir: Mirça Rednikin fikirləri təhrif olunub
Unibank Premyer Liqasının VI turu çərçivəsində dünən keçirilmiş “Muğan” – “Xəzər Lənkəran” oyununda (0:0) baş verənlər, deyəsən hələ çox müzakirə olunacaq. Apasport.az saytının xəbərinə görə, yanlış hakim qərarları ilə yadda qalan görüşdən sonrakı mətbuat konfransında məşqçi fikirləri təhrif olunub.

Bu barədə “Xəzər Lənkəran”ın rəsmi internet səhifəsində yerləşdirilən məlumatda bildirilir ki, rumıniyalı baş məşqçi Mirça Rednikin səsləndirdiyi fikirlər ictimaiyyətə düzgün çatdırılmayıb: “Peşəkar Futbol Liqasının rəsmi saytında “Xəzər Lənkəran” və “Muğan” klublarının baş məşqçiləri Mirça Rednik və Almir Hurtiçin oyundan sonrakı mətbuat konfransında səsləndirdikləri fikirləri dərc olunub. Almir Hurtiçin sözləri düzgün çatdırılıbsa, Mirça Rednikin dedikləri kobudcasına təhrif olunub. Belə ki, PFL-in saytına görə Rednik guya komandasının oyunundan narazıdır və bu məqamı dilə gətirərək söz verib ki, bu nöqsanları aradan qaldıracaq. Əslində məşqçimiz komandamızın oyunu haqqında ümumiyyətlə heç bir fikir bildirməyib”.

Məlumatda Rednikin mətbuat konfransında söylədiyi fikirlər də dərc olunub: “Bu gün bizim rəqibimiz güclü komanda idi və yaxşı oyun nümayiş etdirdi. Hər iki komanda qələbə istəyirdilər və qalib çıxa bilərdilər. Mən heç vaxt hakimlərdən danışmağa xoşlamamışam, lakin bu gün bunu etməyə məcburam – bu gülünc bir hakimlik idi. Hakim bizim ən mühüm futbolçularımızı sarı kartla cəzalandırdı. Deyə bilərəm ki, hakim ədalətsiz idi. Amma nə edəsən? Bu həyatdır. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir və biz bu oyuna hazırlaşacayıq”.