Mahmud Qurbanov: Anlamırlar ki, bir ayaqla futbol oynamaq olmaz
21.09.2010 - 16:55
Mahmud Qurbanov: Anlamırlar ki, bir ayaqla futbol oynamaq olmaz
“Bakı” klubunun futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Komandanızın cari mövsümdə uğursuz çıxışı davam edir. “Simurq” son pillədə getsə də, gənc futbolçulardan qurulan bu komandaya qalib gələ bilmədiniz. Üstəlik, hesabda geri idiniz, oyunun sona yaxın məğlubiyyətdən qurtula bildiniz...
- Deyə bilmərəm ki, “Simurq”a yuxarıdan aşağı baxdığımız üçün qələbə qazana bilmədik. Rəqib bizə qarşı çox istəkli oynadı. Belə gənc heyəti olan komandalar özlərini göstərmək üçün çox çalışır. Qələbə qazanmalı olduğumuz oyunda 2 xal itkisi bizə çox pis təsir etdi. Özümüzə də qaranlıq qalır ki, niyə belə oldu...Oyuna yaxşı hazırlaşmışdıq, əhval-ruhiyyəmiz yüksək idi, qələbə qazanmaq istəyirdik. Bizim özümüzə də təəccüblü gəlir ki, nə üçün uda bilmədik.

- “Simurq”un baş məşqçisi Qyoko Hacıyevskinin rəhbərliyi altında həm yığmada, həm də “Bakı”da oynamısınız. Bəlkə makedoniyalı mütəxəssisin “Bakı”nı yaxşı tanıması nəticəyə təsir göstərdi?
- Düzdür, məşqçilər komandanı oyuna hazırlayır və onların böyük rolu olur. Ancaq 90 dəqiqə meydanda futbolçular oynayır. Yəni məşqçilərin tapşırıqlarını icra edənlər, qələbə qazanan, uduzan da futbolçulardır. Doğrudur, taktiki gedişlər də var. Futbolçular haqda deyə bilərəm ki, bəziləri “Bakı” klubunun ötən mövsüm kubokun sahibi, bundan əvvəl çempion olduğunu hələ anlamırlar. Yəqin ki, onlar hələ bunu yaxşı dərk etmirlər.

- “Bakı”ya bu yay gələn tanınmış legionerləri nəzərdə tutursunuz?
- Komanda pis oynayırsa, hamı günahkardır. Necə deyərlər, hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Ancaq görünür, içərimizdə hələ də bunu düşməyənlər var ki, hər halda, bir ayaqla futbol oynamaq olmaz. Azərbaycan çempionatını, qarşıya çıxan rəqibləri qiymətləndirmək, gücünü sərf etmək lazımdır. Doğrudan da bir ayaqla futbol oynamaq olmur. Bütün gücünü qoymadan qələbə qazanmaq mümkün deyil.

- Güclü çempionatdan gələn legioner istər-istəməz fikirləşir ki, Azərbaycanın Premyer Liqası zəifdir və burada az güclə, siz deyən kimi, bir ayaqla da futbol oynaya bilərəm...
- Elə fikirləşsələr də, oyunda bunun belə olmadığı görünür. Bu, düz fikir deyil. Futbol hər yerdə futboldur. Düzdür, bizim çempionat zəif də olsa, futbolun öz qanunauyğunluğu da var. Heç olmasa özünü bizim futbolda göstərməlisən də.

- “Bakı” yaydakı transferlərdən sonra aşkar favorit sayılsa da, gözlənilməz uğursuz start oldu...
- “Bakı” oyunçu seçiminə görə güclüdür. Deyərdim ki, komanda baxımdan da güclüyük. Ancaq çox böyük eniş dövrü yaşayırıq.

- Bunun səbəbi kimi Avroliqada “Buduçnost”la oyunlarda məlum xoşagəlməz olay göstərilir. Ancaq digər tərəfdən, bundan artıq iki ay vaxt keçib və nə qədər psixoloji zərbə olsa da, bunu dəf etməlisən...
- Mən də onu deyirəm ki, bizim çempionatı da qiymətləndirmək, hazırlaşıb yaxşı oynamaq lazımdır. Yaxşı, avrokuboklarda uğursuzluğa düçar olduq, ancaq bu, qurtardı. Bu komandanın məqsədi çempionluq və kuboku qazanmaqdır. Ona görə də hamı canla-başla, heç olmasa müqavilənin şərtlərinə görə oynamalı, gücünü qoymalıdır. Hamımız bunu etməliyik.

- Bəlkə uğursuzluğun başqa səbəbləri də var?
- Yox. Belə götürəndə problemlərimiz yoxdur. Doğrudan da futbolçu seçimimiz yaxşıdır, belə baxanda güclü oyunçularımız var. Klub rəhbərliyinin sayəsində şəraitimiz də yaxşıdır. Baş məşqçimiz da yaxşıdır. Ancaq ola bilər, futbolçu düşünür ki, çox gücünü qoymadan oynayacağam. Ancaq nəticədə görürsən ki, qalib gələ bilmirik. Mən belə görürəm. Ola bilər ki, kimsə başqa cür görür.

- Adətən nəticəyə görə baş məşqçi cavabdehdir. Bir çox mütəxəssislərlə çalışmış Mahmud Qurbanov almaniyalı Vinfred Şaferi necə dəyərləndirir?
- Şaferin məşqçilik karyerasına baxanda şərh etməyə dəyməz. Onun güclü mütəxəssis olmasına heç kim şübhə etmir. Mən də fikirləşirəm ki, yaxşı məşqçidir. Komandanın qələbəsi üçün hər şey edir. Hazırlıqlar yaxşı gedir. Məşqlərdə verdiyi tapşırıqları yerinə yetiririk.

- Sizcə, indi komandanızda baş məşqçi dəyişikliyinə ehtiyac var?
- Bunu mən yox, rəhbərlik deyə bilər. Biz futbolçuyuq, işimiz oynamaqdır. Kluba tabeyik, Şaferin dediyi bütün göstərişləri yerinə yetiririk. Görürəm ki, Şafer yaxşı, öz işini bilən mütəxəssisdir.

- Maraqlıdır ki, o, sizi az oynatsa da, ondan narazı danışmırsınız...
- Gərək düz danışasan da. Məni az oynadır deyə, onu durub yalandan pisləməyin yeri də yoxdur axı. Bu düzgün çıxmaz. Onun haqqında yalan söz deməyin yeri yoxdur. Şafer də çalışır, fikirləşir, məşqdə futbolçularla danışır. Mənim oynayıb-oynamamağım başqa şeydir. Qarşıda evdə “Turan”la oyunumuz var. Bu görüşdə qalib gəlməyə çalışmalıyıq.

- Bir inamlı qələbə çıxış yolu ola bilərmi?
- Ola bilər. Mən bu fikirlə razıyam. Bir də görürsən ki, futbolçu neçə oyun qol vura bilmir, birini vurandan sonra ardı gəlir.

- Üstəlik, “Bakı” “Turan”dan sonra dalbadal güclü rəqiblərlə görüşəcək. Bu mənada ilk çətin sınaq səfərdə “Xəzər Lənkəran”la olacaq...
- “Turan”la görüşdə qələbə lazımdır ki, bu “qara zolaq”dan çıxaq. Çempionatımızda zəif komanda yoxdur. Görürsünüz, hamı oynayır, vuruşur. Hər futbolçu heç kimdən zəif olmadığını sübut etməlidir. Ona görə də bütün oyunlara eyni cür hazırlaşmaq lazımdır.

Mehman SÜLEYMANOV
0