Məşhur məşqçi Azərbaycan millisini təriflədi
24.09.2010 - 18:18
Məşhur məşqçi Azərbaycan millisini təriflədi
“Azərbaycan millisi dünyanın ən güclü inkişaf edən yığmalarındandır. Onlar 2010-cu ildə keçirilən Avropa çempionatına seçmə mərhələdən vəsiqə qazanmaqla bunu sübut etmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes deyib.

Avro-2012-nin seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan son qitə çempionlarının çalışdırıcısı görüşlərin Bakıda keçirilməsindən narahatdır: “Sonra isə onlar qitə birinciliyinin yarımfinalınadək irəliləyib 4-cü yeri tutdular. Üstəlik, qrup oyunları da Bakıda keçiriləcək. Biz ora finala vəsiqə qazanmaq üçün gedəcəyik və bunun üçün mübarizə aparmalıyıq”.

Lopes qrupumuzdakı digər komandalarla bağlı da fikir bildirib: “Qazaxıstanla ötən çempionatın seçmə mərhələsində də qarşılaşmışdıq. Həmin vaxt inamlı qələbə qazanmışdıq. Düzdür, bu müddətdə rəqib güclənə də bilər. Lakin istənilən halda onları məğlub etmək iqtidarındayıq. O ki, qaldı təsnifat mərhələsindən gələcək rəqibimizə, məncə, bu, Litva olacaq. Onlar rəqiblərini məğlub etməlidirlər”.