Rəşad Sadıqovun baş məşqçisi istefaya göndərildi və... geri qaytarıldı - YENİLƏNİB
26.09.2010 - 19:44
Rəşad Sadıqovun baş məşqçisi istefaya göndərildi və... geri qaytarıldı - YENİLƏNİB
Rza Çalımbay “Əskişəhərspor” klubunun baş məşqçi postunda fəaliyyətini davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, Türkiyə mətbuatı günorta saatlarında təcrübəli mütəxəssisin istefaya göndərildiyini yazsa da, məlumat komanda rəhbərliyi tərəfindən təsdiqlənməyib.

Belə ki, “Əskişəhərspor” klubunun saytında bildirilir ki, bu gün klubdaxili iclas keçirilsə də, burada komandanın hazırkı vəziyyəti müzakirə olunub, qəbul edilən qərarlar isə ictimaiyyətə sabah açıqlanacaq: “Baş məşqçi Rza Çalımbayın istefaya göndəriləcəyi barədə mətbuatda yayılan xəbərlər yalandır”.

Günorta saatlarında Türkiyə mətbuatı “Əskişəhərspor” rəhbərliyinin baş məşqçi Rza Çalımbayı istefaya göndərdiyi barədə xəbər yaymışdı. Bildirilirdi ki, ard-arda alınan məğlubiyyətlər tanınmış mütəxəssisin vəzifəsindən qovulmasına səbəb olub. Klubun sabahdan yeni baş məşqçi axtarışına başlayacağı da qeyd olunmuşdu.

Qeyd edək ki, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun hələlik debüt etmədiyi “Əskişəhərspor” klubu çempionatın 6 turundan sonra 2 xal toplayıb.