Vaqner Lavın “Neftçi” ilə başlanan yolu
27.09.2010 - 09:03
Vaqner Lavın “Neftçi” ilə başlanan yolu
Rusiya Premyer Liqasının XXII turu Moskva MOİK-in braziliyalı futbolçusu Vaqner Lav üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun “Tom” klubunu böyük hesabla yendikləri (3:0) səfər oyununun 1-ci dəqiqəsində vurduğu top komandasının heyətində 100-cü qol olub. İlk baxışdan qəribə görünsə də, Vaqnerin bu uğurunun bizlərə də bağlılığı var.

Məsələ ondadır ki, Lav MOİK-də ilk qolunu Bakının “Neftçi” klubuna vurub. Bu, 2004-cü ilin avqustun 4-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Moskvada “Dinamo”nun stadionunda 0:2 hesabı ilə uduzduğumuz cavab oyunudur. Həmin görüşdə “hərbçilər”in heyətində debüt edən Lav 72-ci dəqiqədə Hüseyn Məhəmmədovun qapısında top keçirərək, son nöqtəni qoyub. Lavın iştirak etmədiyi Bakıdakı ilk oyunda qolsuz heç-heçə edən ordu klubu növbəti mərhələyə vəsiqə qazanıb. Maraq üçün deyək ki, Vaqner bu 6 ildə Fabyen Bartez, Ştefan Klos, Aleksandr Filimonov, Volkan Dəmirəl kimi tanınmış qapıçıları məyus edib.

Qeyd edək ki, MOİK Vaqnerin “Neftçi”yə qol vurduğu mövsümdə (2004/05) tarixinin ən böyük uğurunu - UEFA kubokunu qazanıb.