Sxadadzeli və Sxadadzesiz “İnter”
04.10.2010 - 10:49
Sxadadzeli və Sxadadzesiz “İnter”
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin cəzası başa çatıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssisin 5 oyunluq cəza müddəti son Azərbaycan çempionu üçün ağır itkilərlə əlamətdar olub.

Belə ki, paytaxt futbolçuları mövsümdə aldığı hər iki məğlubiyyət baş məşqçinin yoxluğunda qeydə alınıb. “Neftçi”yə 0:2, “Gəncə”yə 0:1 hesabı ilə uduzan “İnter” “Qarabağ”, “Qəbələ” və “Muğan”ı çətinliklə udub. Bu görüşlərin üçündə də bakılılar cəmi 1 qol vurublar.

“Xəzər Lənkəran”la səfər oyunu zamanı etdiyi hərəkətlərə görə cəzalanan Sxadadzenin iş başında olduğu vaxtda isə “İnter” heç qol da buraxmamışdı. İki qələbə qazanan paytaxt futbolçuları yalnız Lənkəranda xal itirmişdi.

Kaxaber Sxadadzeli “İnter”
3 oyun, 2 qələbə, 1 heç-heçə, top fərqi – 4:0, 7 xal

Kaxaber Sxadadzesiz “İnter”
5 oyun, 3 qələbə, 2 məğlubiyyət, top fərqi – 3:3, 9 xal

Qeyd edək ki, Sxadadzenin cəzalı olduğu görüşlərdə “İnter”i meydana Georgi Çixradze çıxarıb.