Kamran Ağayev Sofronidən üzr istəyib
06.10.2010 - 19:28
Kamran Ağayev Sofronidən üzr istəyib
Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev Unibank Premyer Liqasının VIII turunda yol verdiyi hərəkətə görə peşman olub. Apasport.az saytının xəbərinə görə, “Xəzər Lənkəran” klubunun qapıçısı “Bakı” ilə görüşdə qol buraxdıqdan sonra rəqib futbolçusu Vyaçeslav Sofronini vurmaqla haqsızlıq etdiyini başa düşüb.

Belə ki, matç bitdikdən sonra əsəbləri sakitləşən Ağayev səhv etdiyini anlayaraq moldovalı hücumçuya zəng etməyi lazım bilib. O, legionerin telefon nömrəsini taparaq Vyaçeslava zəng vurub. Onunla söhbət zamanı etdiyi hərəkətdən peşmançılıq çəkdiyini etiraf edən qapıçı həm moldovalının özündən, həm “Bakı” klubundan, həm də bütün futbol ictimaiyyətindən üzr istəyib.

Qeyd edək ki, ardıcıl 7 oyun qol buraxmayan Ağayev seriyası qırılan anda Sofroniyə əvvəl dirsək, sonra yumruq zərbəsi endirib. AFFA İntizam Komitəsi hazırda yığmanın düşərgəsində OLAN futbolçunu 4 oyunluq cəzaya layiq bilib.