“Rza Çalımbaya belə bir komanda yaratdığına görə təşəkkür edirəm”
15.10.2010 - 08:57
“Rza Çalımbaya belə bir komanda yaratdığına görə təşəkkür edirəm”
Avro-2012-nin seçmə mərhələsində Türkiyəyə qalib gələn Azərbaycan yığması ilə bağlı yazılar qonşu ölkənin mətbuatını zəbt edib. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız “ay-ulduzlu” komandanın qapısından qələbə topunu keçirən Rəşad Sadıqovu orada anbaan izləməkdə davam edirlər.

Türklərin yazdıqlarına görə yığmamızın kapitanının “Əskişəhərspor”da məşqə gəlişi alqışlarla qarşılanıb. Komandanın yeni baş məşqçisi Bülənt Uyğun və yoldaşları onu qələbə münasibəti ilə təbrik ediblər.

Bu sevincdən sonra çalışdırıcı fürsətdən istifadə edərək ilk dəfə tam heyətlə bir araya gələn futbolçularla səmimi söhbət edib. O “Əskişəhərspor”a gəlməsindən şad olduğunu və klubun tezliklə qələbələrini sıralayacağını bildirib: “Burada baş məşqçi işləməkdən qürur duyuram. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə uğurlu çıxış edəcəyik. Onları sevindirmək və komandamıza uğur qazandırmaq üçün bütün gücümüzdən yararlanacağıq. Sabiq baş məşqçi Rza Çalımbaya təşəkkür edirəm ki, belə bir komanda yaradıb. Hamımız bir yumruq kimi birləşərək klubun uğurları üçün çalışmalıyıq”.

Qeyd edək ki, müxtəlif yığmalara bir neçə futbolçu verən “Əskişəhərspor” Bülənt Uyğunun rəhbərliyi altında ilk məşqini Sadıqovun qayıdışından sonra keçib.