Cahangir Həsənzadə İssak Nyutonun qanunlarından misal gətirdi
20.10.2010 - 12:45
Cahangir Həsənzadə İssak Nyutonun qanunlarından misal gətirdi
“Çempionat gərgin keçir. Hər iki komanda cari birincilikdə pis oynamır”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun qapıçısı Cahangir Həsənzadə deyib.

Həftəsonu “Qəbələ”nin qonağı olacaq paytaxt təmsilçisi çətin sınağa ciddi hazırlaşır. Qapıçının sözlərinə görə, məşqlərini “Şəfa” stadionunda həyata keçirən komandası əyalətdən sərfəli nəticə ilə dönmək istəyir: “Mürəkkəb oyun olacaq. Həm bizə, həm də “Qəbələ”yə xal lazımdır”.

Son oyunda “İnter”in qapısından 5 cavabsız top keçirən AZAL da ab-hava yüksək səviyyədə olsa da, Həsənzadə məşhur ingilis alimi İssak Nyutonun üçüncü qanunu misal gətirib: “İnter” üzərində qazanılan böyük hesablı qələbənin müsbət təsiri ilə yanaşı, mənfi təsiri də ola bilər. Necə deyərlər, təsir əks təsirə bərabərdir. Bu qələbə müəyyən mənada arxayınlaşma da yarada bilər. Ona görə də, “Qəbələ” ilə oyuna səfərbər olmalıyıq”.

Son vaxtlar ehtiyatda qalan, amma “bankirlər”lə matçda “çərçivə”ni qorumaq tapşırığı alan Həsənzadə bunu normal hesab edir: “Kimin oynayacağına baş məşqçi qərar verir. Elşən Poladov da, mən də hər zaman oynamağa hazırıq. Düzdü, ehtiyatda qalmaq formama mənfi təsir göstərir. Ancaq təcrübəmiz hesabına, bu problemi aradan qaldırmağa çalışırıq”.