“Azərbaycan yığması nə qədər güclü rəqibə qarşı oynasa, bir o qədər yaxşıdır”
21.10.2010 - 11:13
“Azərbaycan yığması nə qədər güclü rəqibə qarşı oynasa, bir o qədər yaxşıdır”
“Çernoqoriya ilə yoldaşlıq görüşü keçirmək üçün bir neçə ay öncə razılığa gəlmişik. Çox şadıq ki, bu ölkənin futbol federasiyası ilə danışıqlarımız müsbət yekunlaşdı. Çünki bildiyiniz kimi, Çernoqoriya hazırda çox güclü yığmadır, Avropa çempionatının seçmə qrup mərhələsinin sonuncu oyununda İngiltərə ilə səfərdə 0:0 hesablı heç-heçə edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Cari il üçün seçmə mərhələ oyunlarını başa vuran Azərbaycan millisinin növbəti oyunu yoldaşlıq görüşü çərçivəsində olacaq. Komandamız noyabrın 17-də hazırda Avro-2012-nin seçmə mərhələsində öz qrupunda vahid lider olan Çernoqoriya ilə görüşəcək. Məmmədov belə rəqiblərlə oyunların vacibliyini qeyd edib: “Çernoqoriya çox sabit oyun nümayiş etdirir. Biz çox güclü rəqiblə oynayacağıq. Təbii ki, bu amil bizi sevindirir. Azərbaycan yığması nə qədər güclü rəqibə qarşı oynasa, bir o qədər yaxşıdır. Millimiz güclü komandalarla belə sınaqlardan daha tez-tez keçməlidir”.

Yığmamızın növbəti yoldaşlıq görüşləri üçün rəqiblərinə hələ aydınlıq gəlmədiyini bildirən baş katibin sözlərinə görə, 2011-ci ildə oyun keçirməklə bağlı müxtəlif federasiyalarla danışıqlar gedir: “Təbii ki, bəziləri bizə müraciət edirlər. Ancaq hələlik konkret heç nə deyə bilmərəm. Tunis yığması onlar sırasında yoxdur. Çernoqoriyaya səfərlə təşkilatı məsələlər, səfərin vaxtı, çarter reysinin olub-olmayacağı hələ dəqiqləşməyib. Bütün bunlara növbəti 10 gündə aydınlıq gətirəcəyik”.

Mehman SÜLEYMANOV