Dünya çempionatının püşkü Bakıda atılacaq
21.10.2010 - 13:25
Dünya çempionatının püşkü Bakıda atılacaq
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- FİFA nümayəndələri 2012-ci ildə qızlar arasında keçiriləcək dünya çempionatının final mərhələsinin təşkilatı işləri ilə tanış olmaq üçün ölkəmizə səfər ediblər. Onların təəssüratları necədir?
- Hələlik müsbətdir. Səfər davam edir, stadionları gəzir, otellər, infrastrukturla, hazırlıq işləri ilə tanış olurlar. Təbii ki, biz də hazırlıq işlərini FİFA-nın tələblərinə uyğun aparırıq. Kifayət qədər vaxtımız var və bu da bizim üçün müsbət amildir. Çünki dünya çempionatı 2012-ci ilin avqust, sentyabr və ya oktyabrında keçiriləcək. Deməli, hələ 22 ay vaxtımız var.

- FİFA-nın Təşkilat Komitəsinin sədri olduğunuz bu mötəbər turnirlə bağlı əsas tələbi, tövsiyəsi nədir?
- Stadionlar yüksək səviyyədə və FİFA standartlarına uyğun olmalıdır. Ola bilsin, eyni stadionda dalbadal 2 oyun baş tutsun. Buna görə də əsas tələblərdən biri hər stadionda mütləq 4 komanda üçün paltardəyişmə otağının olması və hakimlər briqadası üçün şəraitin yaradılmasıdır. Bundan əlavə, işıqlandırma sistemi yüksək səviyyədə, minimum 1500 lüks olmalıdır. Çünki axşam oyunlar keçirmək üçün belə şərait vacibdir. Təbii ki, reklam və marketinq tələbləri də yüksək səviyyədədir. Bu, 17 yaşadək qızlar arasında yarış olsa belə, FİFA-nın dünya çempionatı artıq bir brenddir. Ona görə FİFA bütün turnirlərini eyni səviyyədə keçirməyə çalışır. Bu il Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında həmin standartlar burda da tətbiq olunacaq.

- Paltardəyişmə otağı ilə bağlı dediyiniz tələblərə hətta ən böyük arenamız olan Tofiq Bəhramov adına Respublika stadionu cavab vermir. Bununla bağlı ciddi problem yarana bilərmi?
- Bildiyiniz kimi, AFFA tərəfindən hazırda Bakıda 3 stadion tikilir. Həmin arenalar beynəlxalq tələblərə cavab verəcək. Təbii ki, digər stadionlarda əlavə tikinti işlərinin aparılmasına ehtiyac var.

- Bəs dünya çempionatının oyunlarının hansı stadionlarda keçiriləcəyi müəyyənləşibmi?
- Konkret onu deyə bilərik ki, AFFA tərəfindən Mərdəkanda inşa edilən “Dalğa”, 8-ci km-də tikilən 11-12 min nəfərlik stadionda və Bayılda 20-ci sahədəki yeni arenada oyunların keçirilməsi nəzərdə tutulub. FİFA nümayəndələri bu gün həmin arenaların inşaat işləri ilə tanış olublar. Dünən isə Lənkəran şəhər mərkəzi stadionuna baxdılar və razı qaldılar. Ancaq təbii ki, orada da hələ müəyyən işlər görülməlidir.

- Bəs Respublika stadionunda?
- Ölkəmizin baş arenasında da oyunların keçirilməsi nəzərdə tutulub. Təbii ki, bəzi işlər aparmaq lazımdır.

- Belə çıxır ki, mundialın 5 stadionda keçirilməsi nəzərdə tutulub...
- 16 komandanın iştirak edəcəyi turniri keçirmək üçün bizə 6 stadion lazımdır. 5 stadion oyunlar, biri isə hakimlər üçün. Bundan əlavə, 17 məşq meydançası vacibdir. Bunlar ayrı-ayrı olmalıdır və hazırda bu istiqamətdə işlər görürük.

- Dediniz ki, AFFA 3 yeni stadion inşa edir. Həmin arenaların tikintisi nə vaxt tam yekunlaşacaq?
- 2012-ci ilin fevral-mart aylarında.

- Bəs Əzizbəyov metrostansiyasının ətrafında tikilməsi nəzərdə tutulan stadion?
- Bilirsiniz ki, bu dövlətin bir layihəsidir və böyük stadiondur. Təbii ki, həmin arenada dünya çempionatının oyunlarını keçirmək nəzərdə tutulmayıb. Çünki həmin stadionun inşaat işlərinə yaxın zamanlarda başlanmalıdır. Fikrimcə, bu işlər 2012-ci kimi qurtarmayacaq. 65 minlik stadionun tələbləri tamamilə başqa olduğu üçün ora dünya çempionatı üçün nəzərdə tutulmayıb.

- Paytaxtdan kənarda, Sumqayıt, Gəncə, Qəbələ kimi şəhərlərdə mötəbər oyunların keçirilməsi realdır?
- Təbii ki, əyalətdə də belə oyunlar keçirmək istərdik. Bildiyiniz kimi, Qəbələdə otel, infrastruktur yüksək səviyyədədir. Ancaq stadionda inşaat işləri yeni başlanılır. Artıq biz “Qəbələ” klubunun rəhbərliyi ilə danışıqlara başlamışıq. Son layihələri və tikintinin bitməsi tarixini biləndən sonra FİFA-ya təqdim edəcəyik. İstərdik ki, təkcə Lənkəran deyil, Qəbələdə də dünya çempionatı oyunlarını keçirək. Biri Qərb, digəri Cənub regionu, ortada da Bakı. Bu, çox maraqlı olardı. Yəni, təkcə Bakıya, regionlara da həmin futbol bayramını yaşatmaq istərdik.

- Adətən final mərhələsinin püşkü təşkilatçı ölkələrdə keçirilir. Bu mənada dünya çempionatının püşkü nə vaxt atılacaq?
- Bu, 2012-ci ildə və təbii ki, Azərbaycanda olacaq. Ancaq konkret tarixini hələ müəyyənləşdirməmişik. Seçmə mərhələnin püşkü gələn il keçiriləcək.

- Bu həftənin əvvəlində AFFA prezidenti Rövnəq Abdullayevlə birgə İsveçrədə UEFA-nın yeni mənzil-qərargahının açılış mərasimində iştirak etdiniz. Yığmamızın Türkiyə üzərində tarixi qələbəsi Avropanın diqqət mərkəzinə, seçmə mərhələnin son turunun əsas sensasiyalarından biri oldu. Nyonda kimlərdən təbriklərdən aldınız?
- Təbii ki, belə təbriklər eşitdik. Ancaq məsələyə rəsmi tərəfdən yanaşsaq, hər bir komanda udar da, uduzar da. Bu, təbii haldır.

- Bu qələbədən sonra yığmamız FİFA-nın son reytinqində 12 pillə irəliləyərək, 10 ildən sonra yenidən ilk “yüzlük”də yer aldı. Millimizin 91-ci pilləyə yüksəlməsi gözlənilməz olmadı?
- Məqsədimiz ilk “yüzlüy”ə düşmək idi. Bu, bir daha göstərir ki, AFFA, ümumiyyətlə, Azərbaycanın futbol ailəsi doğru yoldadır, işlərini düzgün istiqamətdə qurub. Təbii ki, bununla kifayətlənməyib, daha da irəliyə getməyə çalışacağıq.

Mehman SÜLEYMANOV