Rauf Əliyev: Bu cür ötürmə vermək, elə qol vurmağıma bərabərdir
21.10.2010 - 14:16
Rauf Əliyev: Bu cür ötürmə vermək, elə qol vurmağıma bərabərdir
“Dünən son vaxtlarda ən yaxşı oyunumuzu göstərdik. Hamımız qələbə qazanmaq istəyirdik. Çünki qazanılacaq 3 xal sayəsində turniri cədvəlində irəliləyəcək və çempionluq şansımızı davam etdirəcəkdik. Buna da nail olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Unibank Premyer Liqasının IV turundan təxirə salınan oyununda “Bakı” ilə qarşılaşan “Qarabağ” inamlı qələbə qazanıb. Oyun baxımından da rəqibi üstələyən Ağdam təmsilçisi bu qələbə sayəsində turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. Oyunda ikinci qolun ötürməsini verən Əliyev həmin anda özü də zərbə vura bilərdi: “Düzdür, özüm də vura bilərdim. Amma Adamiya məndən əlverişli vəziyyətdə idi. Mən də ötürmə etdim və qol vurduq. Bu cür ötürmə elə özümün qol vurmağıma bərabərdir. Yəni, həmin anda paxıllıq etməyin yeri yoxdur. Biz hamımız komandanın uğuru üçün çalışırıq”.

Son vaxtlar komandasının zəif oyununu enişlə əlaqələndirən Əliyev tədricən özlərinə gəldiklərini deyib: “Qəbələ”yə məğlubiyyət zamanı komandada eniş var idi. Ancaq son oyunlarda qazandığımız qələbələr sayəsində oyunumuzu və sistemimizi geri qaytarırıq”.