“Əskişəhərspor” futbolçuları hədələndi
28.10.2010 - 09:36
“Əskişəhərspor” futbolçuları hədələndi
“Son anda kubokdan əlimizi üzdük. Qrup mərhələsinə yüksələ bilmədik. Bunun günahı məndədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğun deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Əskişəhər təmsilçisi Türkiyə kubokunun pley-off mərhələsində “Dənizlispor”a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmyerlimizin ehtiyatda qaldığı qarşılaşmada baş məşqçi meydana fərqli heyət buraxıb. Lakin Uyğun futbolçularının bəzilərinin pis oynadığını və “Əskişəhərspor”a layiq olmadıqlarını bildirib: “Çempionatda şans vermədiyim futbolçuları meydana buraxdım. Lakin onlar bu şansı dəyərləndirə bilmədilər. “Əskişəhərspor” formasının nə qədər böyük olduğunu anlamayanlar barəsində lazımı tədbirləri görəcəyik. Kubok əhəmiyyətli idi, lakin vida etdik. Artıq bütün diqqətimizi çempionata yönəldəcəyik. Azarkeş dəstəyi sayəsində növbəti turda “Ankragücü”yə qalib gəlib, yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Əskişəhərspor” oktyabrın 30-da “Ankragücü”nü qəbul edəcək.