Arda Turanın pulunu balta kəsməyəcək
28.10.2010 - 12:34
Arda Turanın pulunu balta kəsməyəcək
Arda Turan kapitanı olduğu “Qalatasaray” klubu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi anlaşmasını 2013-cü ilin mayın 31-dək uzadıb.

Klubla hər məsələdə anlaşan Arda 19 ay sonra bitəcək sözləşməsini indidən artırmağı üstün tutub. 2012-ci ilin aprelin 1-dən 2013-cü ilin mayın sonunadək davam edən yeni müqavilə Türkiyə Futbol Federasiyasına göndərilib.

Turanın anlaşmanı uzatmaqla, qazancını da artırdı. Belə ki, onun ötən mövsüm göstərdiyi oyundan sonra qiyməti qalxıb. Buna görə də Arda 2012/13 mövsümündə ildə 3,2 milyon avro alacaq. Ötən il 1 milyonluq qazancını iki dəfə artıran futbolçu bununla da Elano ilə birgə komandasının ən çox qazanan futbolçuları sırasına keçib.

Qeyd edək ki, Ardanın Avropaya gedəcəyi ilə bağlı çoxlu söz-söhbətlər gəzdiyindən, “Qalatasaray” kapitanının il yarım sonra sərbəst qalmaq ehtimalını aradan qaldırıb. Hansısa klub Turanı transfer etmək istəsə, “Cim Bom” anlaşmanın daha uzun müddətli olmasından istifadə edərək, yaxşı bazarlıq edəcək.