Qələbəsiz III mövsüm və ya Şükürovdan yeni antirekord
28.10.2010 - 12:45
Qələbəsiz III mövsüm və ya Şükürovdan yeni antirekord
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 17-ci dəfə Avropa çempionatının seçmə mərhələsinə qatılan yığmamız tarixinin ən pis nəticəsini göstərib.

Belə ki, Portuqaliyada təşkil olunan qrup oyunlarında meydan sahiblərinə 0:2, Şimali İrlandiyaya 0:6, Çernoqoriyaya 1:2 hesabı ilə uduzan Adil Şükürovun yetirmələri vətənə xalsız dönüblər. Bu, 2001-ci ilədək U-16, sonra isə U-17-lər arasında təşkil olunan yarışların tarixi ərzində 3 belə hadisə olub. Yəni, millimiz 17 cəhdindən yalnız 3-də qitə çempionatını xal qazanmadan başa vurmuşdu. Lakin əvvəlki uğursuzluqlar zamanı yığmamız cəmi 2 matçda uduzmuşdu.

İlk dəfə yarışı 3 məğlubiyyətlə bitirən millimiz top fərqində də (1:10) antirekorda imza atıb. Çünki həmin 2 yarışda Ələkbər Cəfərovla Səyavuş İbrahimovun yetirmələri belə acınacaqlı nəticə göstərməmişdilər – müvafiq olaraq 0:4 və 0:5.

U-17-nin tarixində bütün matçlarda uduzduğu daha bir seçmə turniri var. Lakin bu, 2002/03 mövsümünün II mərhələsində qeydə alınıb. Komandamız ora vəsiqəni I mərhələdə qazandığından mövsümü qələbəsiz bitirməyib.

Xal qazanmadığımız qitə çempionatları

1994/95 (Ələkbər Cəfərov) Slovakiya 0:2, Cənubi Kipr 0:2.
1999/00 (Səyavuş İbrahimov) Macarıstan 0:3, Ukrayna 0:2.
2010/11 (Adil Şükürov). Portuqaliya 0:2, Şimali İrlandiya 0:6, Çernoqoriya 1:2.

İkinci mərhələdə xal qazanmadığımız turnir

2002/03, ikinci mərhələ (Yaşar Vahabzadə) Almaniya 0:3, Belçika 0:1, İtaliya 0:2.