Qurban Qurbanovdan şans gözləyənlər
28.10.2010 - 13:26
Qurban Qurbanovdan şans gözləyənlər
“Qarabağ” klubunda Unibank Premyer Liqasının XI turunda “Xəzər Lənkəran”la ev oyunu öncəsi zədəlilərlə bağlı problem yoluna qoyulur. Apasport.az saytının məlumatına görə, zədə üzündən komandasına kömək edə bilməyən Əfran İsmayılov, Emin İmaməliyev, Maksim Medvedev və Samir Abasov düşərgədə hazırlıqlarını davam etdirirlər.

Avstriya yığması ilə səfər oyununda millimizin heyətində zədələnən Samir artıq yüngül təmrinlərə başlayıb. İlk turda “Neftçi” ilə görüşdə ağır xəsarət alan Əfran hələ ki daha çox trenajor zalında çalışmalı olur. “Bakı” ilə IV turdan təxirə salınmış oyunda əzələsini dartan Eminin oynaması üçün problem qalmayıb. O, baş məşqçi Qurban Qurbanovdan şans gözləyir.

Yığmamızın düşərgəsində zədələn Maksim məşqlərə başlasa da, durumu “Xəzər Lənkəran”la görüş günü – oktyabrın 30-da bəlli olacaq. Medvedev oynamaq üçün istəkli olsa da, son qərar baş məşqçiyə məxsus olacaq. Onu son oyunlarda əvəzləyən gənc müdafiəçi Qara Qarayev qənaətbəxş çıxış edib. “Xəzər Lənkəran”la oyunda məqsədi yalnız qələbə qazanmaq olan “Qarabağ”ın futbolçuları yüksək əhval-ruhiyyədədir.

Qeyd edək ki, ağdamlılar bugünkü məşqini oyun keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda edəcək.

Mənbə: qarabagh.com