“Azərbaycandan təklif alacağımı heç ağlıma gətirməzdim”
28.10.2010 - 13:52
“Azərbaycandan təklif alacağımı heç ağlıma gətirməzdim”
“Maynts”ın futbolçusu Preston Zimmerman Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, hazırda Bundesliqanın lideri olan klubun əvəzedici komandasında çıxış edən 22 yaşlı cinah yarımmüdafiəçisi karyerasını ölkəmizdə davam etdirmək variantının olduğunu açıqlayıb.

ABŞ-ın 23 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Preston verdiyi müsahibədə Avropada oynamaq naminə istənilən ölkədə top qovmağa hazır olduğunu bildirib: “Avstriyanı tərk etdikdən sonra ümidsizliyə qapılmışdım. Belə vəziyyətdə Türkiyəyə yollandım. Çünki Avropadakı futbol həyəcanından kənarda qalmaq istəmirdim. Lakin orada məni ehtiyat oyunçular skamyasında saxlayardılar. Belə bir vəziyyətdə heç ağlıma da gəlməzdi ki, Azərbaycandan təklif alım”.

Qeyd edək ki, 3 il əvvəl 19 yaşında Avropaya gələn Zimmerman 2007/08 mövsümündə “Hamburq”un II komandasında çıxış edib. Sonradan Avstriyanın “Kapfenberger” klubuna keçən vinger bu ilin qışında klubsuz qalıb. Ümidsizliyə qapılıb klub axtarışına çıxan amerikalı həmin vaxt Almaniyaya qayıdıb, “Maynts”ın II komandasında oynamağa başlayıb.