Milli komandamızın sabiq baş məşqçisi Belarusda işləyəcək
29.10.2010 - 09:25
Milli komandamızın sabiq baş məşqçisi Belarusda işləyəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Oliver Pelzer özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis indi də Belarusda peyda olub. O, bu ölkənin paytaxtı Minskdə keçirilən kütləvi futbol üzrə seminarda təşkilatçılardan biri kimi iştirak edib.

Artıq bu idman növünün kütləviləşdirilməsi yönündə çalışmağa başlayan Pelzer seminarın təşkilatçıları arasında olduğunu özü açıqlayıb: “Kütləvi futbolun inkişafına mümkün qədər çox adam cəlb etməyimiz vacibdir. Uşaqlarla çalışan məşqçilərin regionlarda da belə fəaliyyət göstərməsini istəyirik. Gələn il Minskdə daha bir seminar təşkil etməyi planlaşdırırıq. Orada təcrübəli futbolçuların da iştirak etməsi əla olardı”.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət yığmamız rəsmi oyunlardakı sonuncu qələbəsini məhz Pelzerin rəhbərliyi altında qazanıb.