“Ekvator xətti”ndə nəfəs kəsən oyunlar
29.10.2010 - 10:21
“Ekvator xətti”ndə nəfəs kəsən oyunlar
Unibank Premyer Liqasının cari mövsümünün təsnifat mərhələsində mübarizə “ekvator xətti”nə yaxınlaşır. Apasport.az saytının məlumatına görə, həftəsonu I dövrənin son turunun oyunları keçiriləcək. Turun mərkəzi qarşılaşması liderlərin iştirakı ilə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk iki pillənin sahibləri olan “Neftçi” ilə “Xəzər Lənkəran” bu arenada qonaq olacaqlar.

Əslində, “ağ-qaralar” Respublika stadionunda nominal qonaq kimi çıxış edəcəklər. Axı “Neftçi” də “Bakı” kimi uzun müddətdir ev oyunlarını mərkəzi arenada keçirir. Budəfəki Bakı derbisində turnir cədvəlində liderlər görüşməyəcək. Hər halda, “Neftçi” 1-ci, “Bakı” 8-ci pillədədir. Cari mövsümün uğursuzlarından olan “zolaqlılar” hələ ki “altılıq”dan kənarda qalıblar. Son iki matçda meydandan məğlub ayrılan “Bakı” üçün liderlə derbi görüşü dönüş nöqtəsi olmalıdır. Hər halda, komandanın əsas rəqiblərdən birinə növbəti məğlubiyyət mükafatlar uğrunda mübarizədə işini daha da çətinləşdirəcək.

Bazar günü isə mərkəzi arenada əyalət təmsilçilərinin görüşü olacaq. Liderliyi qaytarmaq üçün “Neftçi”nin büdrəməsini gözləyən “Xəzər Lənkəran”ı “Qarabağ”la çətin sınaq gözləyir. Bu komanda da mövsümə uğursuz başlasa da, sonradan özünü toparlayaraq, turnir cədvəlində vəziyyətini yaxşılaşdırdı. Ağdamlılar qalib gələrlərsə, xallarının sayını “Xəzər Lənkəran”a çatdıraraq, turnir cədvəlində onu qabaqlayacaq. Çünki şəxsi oyunda rəqibindən üstün olacaq. “Xəzər Lənkəran” isə qələbə qazanmaqla, “Qarabağ”la xal fərqini 6-ya yüksəltmək imkanı qazanacaq. Bu görüş yığmamızın müdafiəçisi Elnur Allahverdiyevlə türkiyəli yarımmüdafiəçi Devran Ayhan üçün prinsipial əhəmiyyət daşıyacaq. Elnur məhz “Qarabağ”da uğurlu çıxışdan sonra bu yay “Xəzər Lənkəran”a keçdi və Devranla qısa müddət komanda yoldaşı oldu. Hər halda, Ayhan Avroliqada Moldovanın “Olimpiya” klubu ilə oyunlar zamanı lənkəranlıların sırasında idi. Ancaq rumıniyalı Mirça Rednikin gəlişindən sonra Devran “Xəzər Lənkəran”dan uzaqlaşdırıldı və “transfer pəncərəsi”nin bağlanması ərəfəsində “Qarabağ”a keçdi.

“Turan”la MOİK-in görüşü autsayderlərin dueli kimi xarakterizə etmək olar. Bütün milli çempionatlarımızda iştirak edən “Turan” hələlik qələbə qazanmayan yeganə komandadır. Sonuncu pillədə qərarlaşan tovuzlular evdə zəif rəqiblə oynadıqlarından, qalib gəlməlidirlər. Necə ki “Simurq” ilk qələbəsini ötən tur MOİK üzərində, özü də səfərdə qazandı. Kubokda I liqa təmsilçisi “Abşeron” tərəfindən böyük hesabla məğlubiyyətlə (0:4) mübarizədən kənarlaşdırılan “hərbçilər” son pilləyə düşməmək üçün uduzmamalıdır.

“İnter”lə “Simurq”un görüşləri uzun müddət maraqlı gözlənilirdisə, indi vəziyyət fərqlidir. Axı “Simurq” indi daha mükafatlar yox, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yəni göründüyü kimi, qüvvələr nisbətində fərq böyükdür və “İnter” aşkar favoritdir. Bu mənada “bankirlər”in yenə Zaqatala təmsilçisinə qalib gələcəyi daha real görünür. AZAL-ı evdə liderlərin də yenməkdə çətinlik çəkdiyi “Muğan”la asan olmayan sınaq gözləyir. Xallarının çoxunu evdə qazanan “Gəncə” son vaxtlar inamlı təsir bağışlayan “Qəbələ”ni qəbul edəcək.

30 oktyabr

15:00. “Turan” – MOİK

Tovuz. Şəhər stadionu

15:00. AZAL – “Muğan”
Bakı. “Şəfa” stadionu

16:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

31 oktyabr

15:00. “Gəncə” – “Qəbələ”

Gəncə. Şəhər stadionu

15:00. “Simurq” – “İnter”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

17:15. “Bakı” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

TURNİR CƏDVƏLİ

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

10

7

2

1

23-6

23

2

Xəzər Lənkəran

10

6

3

1

12-5

21

3

İnter

10

6

1

3

8-8

19

4

AZAL

10

5

3

2

14-6

18

5

Qarabağ

10

5

3

2

12-6

18

6

Qəbələ

10

4

2

4

8-7

14

7

Gəncə

10

3

5

2

17-15

14

8

Bakı

10

3

3

4

12-13

12

9

Muğan

10

2

4

4

6-9

10

10

Simurq

10

1

3

6

9-18

6

11

MOİK

10

1

1

8

4-22

4

12

Turan

10

0

4

6

7-17

4


Bombardir: Bahodir Nasimov (Neftçi) - 11