Bakı derbisi: “Neftçi” üstün olduğu və ən böyük zərbə aldığı rəqiblə üz-üzə
29.10.2010 - 11:01
Bakı derbisi: “Neftçi” üstün olduğu və ən böyük zərbə aldığı rəqiblə üz-üzə
Unibank Premyer Liqasının XI turunda “Neftçi” və “Bakı” yubiley oyununa çıxacaq. Apasport.az saytının hesablamalarına görə, 15-ci dəfə görüşəcək paytaxt təmsilçiləri indiyədək yalnız milli çempionatda qarşılaşıblar. Ölkə kubokunda üz-üzə gəlməyən bu komandaların oyunları həmişə gərgin və maraqlı mübarizə şəraitində keçib.

Onların duelində milli çempionatımız tarixinə düşən nəticə qeydə alınıb. Söhbət “Bakı”nın mükafat qazanmadığı yeganə mövsümdən gedir. 6 illik tarixində həmişə mükafata sahib çıxan “zolaqlılar” 2007/08 mövsümündə buna nail olmayaraq, çempionatı 8-ci yerdə bitirdilər. Bununla belə, makedoniyalı Qyoko Hacıyevski “Bakı”da debüt etdiyi həmin mövsümdə “Neftçi”nin çempionatımızda ən böyük hesablı məğlubiyyətə düçar etdi. Özü də 5:1 hesablı həmin qələbə Vlastimil Petrjela kimi tanınmış çexiyalı mütəxəssis üzərində qazanılmışdı. Artıq nəinki “Bakı”da, çempionatımızda oynamayan nigeriyalı hücumçu Əhməd Ticani həmin görüşdə het-trik edərək, “Neftçi”yə bir oyunda 3 qol vuran ilk və hələlik yeganə futbolçudur.

“Neftçi” həmşəhərlilərindən ən böyük zərbəni alsa da, oyunların balansında üstünlüyə malikdir. Belə ki, 14 oyundan 6-sı “ağ-qaralar”ın, 4-ü “Bakı”nın qələbəsi, 4 görüş isə bərabərliklə nəticələnib. Özü də maraqlıdır ki, bu heç-heçələrdən üçü eyni hesabla (1:1) bitib. İlk bərabərliyin isə 2:2 olduğunu nəzərə alsaq, heç-heçələrin qollu olduğunu görmək olar.

“Bakı” uzun müddətdir “Neftçi”yə qalib gələ bilmir. Təsadüfi deyil ki, ötən mövsüm bu komandalar “altılığ”ı da nəzərə alsaq, 4 dəfə görüşsələr də, “zolaqlılar” heç birində meydanı qalib tərk etmədi. “Bakı” “Neftçi”ni sonuncu dəfə ikinci çempionluğunu qazandığı zaman, yəni il yarım öncə yenib. Həmin mövsüm üç baş məşqçi ilə çalışan flaqman tarixinin ən acınacaqlı mövsümünü keçirdi və 8-ci yeri tutdu. Bu, “Neftçi”nin 1992-ci ildən keçirilən milli çempionatımızda ən zəif nəticəsidir.

“Bakı” və “Neftçi” klubları arasında oyunlar

2004/05 mövsümü

“Bakı” – “Neftçi” – 0:2
“Neftçi” – “Bakı” – 1:1

2005/06 mövsümü
“Bakı” – “Neftçi” – 2:2
“Neftçi” – “Bakı” – 0:1

2006/07 mövsümü
“Bakı” – “Neftçi” – 0:1
“Neftçi” – “Bakı” – 1:0

2007/08 mövsümü
“Bakı” – “Neftçi” – 5:1
“Neftçi” – “Bakı” – 3:2

2008/09 mövsümü
“Neftçi” – “Bakı” – 0:1
“Bakı” – “Neftçi” – 2:0

2009/10 mövsümü
Təsnifat mərhələsi

“Bakı” – “Neftçi” – 0:2
“Neftçi” – “Bakı” – 1:1

Final mərhələsi
“Neftçi” – “Bakı” – 1:0
“Bakı” – “Neftçi” – 1:1