Çernoqoriya Futbol Federasiyasının prezidenti: Onlar heç vaxt qalib gəlməyəcək
08.11.2010 - 13:37
Çernoqoriya Futbol Federasiyasının prezidenti: Onlar heç vaxt qalib gəlməyəcək
Keçmiş Yuqoslaviya futbolunda növbəti qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, əzəli rəqabəti az qala düşmənçilik səviyyəsinə yüksələn Serbiya klubları “Srvena Zvezda” və “Partizan” arasında söz savaşına sabiq veteranlar da qoşulub.

Son illər ölkə çempionu olmaqda çətinlik çəkməyən “Partizan” rəhbərliyinin 1991-ci ildə qazanılan Çempionlar Kubokuna kölgə salmaq istəyi Deyan Saviçeviçi də dilə gətirib. Hazırda Çernoqoriya Futbol Federasiyasına rəhbərlik edən veteran yarımmüdafiəçi “Partizan”ın “Srvena Zvezda”ya paxıllıq etdiyini açıqlayıb: “Partizan” heç vaxt Çempionlar Liqasında qələbə qazanmayacaq. Bunu onların özləri də yaxşı bilirlər. Buna görə də bizim uğurumuza kölgə salmağa çalışırlar”.

Qeyd edək ki, Azərbaycan milli komandası noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək. İndi bu ölkənin futbol federasiyasına rəhbərlik edən Saviçeviçin bu postda olmasında isə Azərbaycan millisinin rolu böyükdür. Çünki Avro-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya yığmasına dərs keçən komandamız rəqibin baş məşqçisi olan Saviçeviçə özünə başqa sənət tapmağa vadar etdi. 2003-cü ilin iyununda Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra istefa verən məşqçi bir daha bu işlə məşğul olmayıb funksioner kimi fəaliyyətə başladı.