Yarımhəvəskar “Bakı” və 11 ölkədən 22 futbolçu
11.11.2010 - 00:01
Yarımhəvəskar “Bakı” və 11 ölkədən 22 futbolçu
“Bakı” klubu İspaniya mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, pireneyli həmkarlarımız Azərbaycan paytaxtının adını daşıyan komandada beynəlmiləlçiliyə biganə qala bilməyiblər.

Lakin söhbət Azərbaycan kubokunun qalibi olan “Bakı”dan getmir. İspaniyalılar məhz öz ölkələrini təmsil edən və tam adı “Clube Futbol Baku de Valencia” olan komandanın heyətini araşdırmaqdan sanki zövq alırlar.

Məsələ ondadır ki, Valensiya regional çempionatının II dəstəsində oynayan “Bakı” klubunun heyətində cəmi 22 futbolçu olsa da, onlar 11 ölkəni təmsil edir. İspaniya ilə yanaşı, Kamerun, Seneqal, Mərakeş, Uruqvay, Argentina, Ekvador, Dominikan Respublikası, Ukrayna, Rusiya və Gürcüstanından olan legionerlər bu komandada forma geyinirlər. Həftədə 2 dəfə məşq keçən yarımhəvəskarlar da məhz bu beynəlmiləl heyəti ilə İspaniyada ad çıxarıblar.

Qeyd edək ki, 2009-cu ildə yaradılan “Bakı” klubunun prezidenti İspaniyada yaşayan həmyerlimiz Gülnarə Xanbabayevadır.