Qərəzə “yoluxan”lar
11.11.2010 - 00:10
Qərəzə “yoluxan”lar
Anar Salmanov, Anar Niyazov, Ramil Diniyev, Azad Mütəllimov, Əfqan Həmzəyev - onlar hamısı Premyer Liqada oyun idarə edən hakimlərimizdi. Ancaq bu fit sahiblərini tez-tez I divizion matçlarında da görürük. Elitada səhv edən, "quşlayan" kimi onları sanki cərimə batalyonuymuş kimi aşağı dəstəyə göndərirlər.

İlk baxışdan AFFA Hakimlər Komitəsinin qərarı hardasa başadüşüləndir. Çünki elitaya layiq olmayanlar nisbətən aşağı dəstədə oyun idarə etməyə, səhvlərini düzəltməyə "sürgün edilməlidir". Ancaq o da var ki, qərəzli idarəçiliyə, səhvlərə adət etmiş belə hakimlər I divizionda da əməllərindən qalmırlar. Halbuki məhz onların özbaşınalığı burada da əsəbləri tarıma çəkir.

Bu qəbildən olan son nümunə son turun bazar ertəsi baş tutan "Rəvan" - "Neftçi" İSM oyununda özünü büruzə verdi. Əfqan Həmzəyev meydan sahiblərinə xırda follarla o qədər təzyiq göstərdi ki, bəlkə də bir az iradəsiz komanda olsaydı, böyük hesabla məğlub olardı. "Rəvan"ın oyunçularının hər kiçik qayda pozuntusuna görə rəqib lehinə fit çalan, oxşar epizodu "Neftçi" İSM üçün fərqli dəyərləndirən referi açıq-aşkar qonaqları məğlubiyyətdən xilas etməyə çalışırdı. Xüsusilə, ilk yarıda belə "fəaliyyət"i ilə seçilən Həmzəyev fasilədən sonra "Rəvan" ikinci qolu vuran kimi "özünü yığışdırdı". Artıq onun yardımının da "Neftçi" İSM-ə fayda vermədiyini görən referi normal idarəçiliyi ilə yadda qaldı. Ancaq hesab arasında fərq azalandan və meydan sahiblərinin qapıçısı meydandan qovulandan sonra Əfqan bəy yenə ilk hissədəki hakimə oxşamağa başladı.

Bununla belə, "Neftçi" hakimi kimi ad çıxaran, elitada flaqmana, aşağı divizionda onunla "eyni bulaqdan su içən" adaşına yardım etməkdən çəkinməyən Həmzəyevin səyi nəticə vermədi. O, yalnız kimlərinsə əsəbiylə oynadı və Azərbaycan hakimliyinin adına növbəti "qara xal"ı yazdırdı.

Bu, I divizionda baş verən heç də yeganə hal deyil. Hələ ötən mövsüm meydanda döyülən hakimlər (Emil İsgəndərov nümunəsi - red.), məşqçilərin, rəhbərliyin şikayətləri məhz belə qərəzdən, kimlərinsə sifarişini yerinə yetirməkdən irəli gəlirdi. Hakim döyülməsinə haqq qazandırmaq olmaz. Amma bəzən insanların əsəbləriylə o qədər oynayırlar ki, onlar səhv addıma tərik edilir.

İndi Hakimlər Komitəsi I diviziona poliqon gözüylə baxır. Halbuki səhvə, qərəzə vərdiş edən referilər burada kimlərinsə əməyini yerə vurur. Rayonlarda futbol ənənəsinin davamına töhfə verən klublar, özünü göstərmək istəyən paytaxt komandaları məhz belə ədalətsizliklərdən sonra ruhdan düşür. Halbuki, gənclərin yetişdirilməsində, oyun praktikası qazanmasında da müstəsna rol oynayan "birincilər"ə diqqət yetirilməsi daha yaxşı olardı. Məqsəd "Abşeron"la "Neftçi" İSM-i elitaya yüksəltməkdisə, onda çempionat keçirməyin faydası da yoxdu.

Cəzalı hakimlərin I divizionda şans qazanması başqa baxımdan da pis ənənədir. Necə ki, Elnur Muradov bir səhvinə görə neçə vaxtdı "dincəlir", Həmzəyev, Niyazov, Salmanov və başqaları da belə cəzalanmalıdır. Onlar qonorarsız, işsiz qalanda daha tez ağıllanarlar.

CAVAD, “Ekspressfutbol” qəzeti