Murad Ağakişiyev: Premyer Liqa ilə müqayisədə, I dəstədə oynamaq daha çətindir
11.11.2010 - 12:27
Murad Ağakişiyev: Premyer Liqa ilə müqayisədə, I dəstədə oynamaq daha çətindir
“Birinci divizion kənardan asan görünə bilər. Amma Premyer Liqa ilə müqayisədə, aşağı dəstədə oynamaq daha çətindir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun yarımmüdafiəçisi Murad Ağakişiyev deyib.

İmişlinin “MKT-Araz” komandasında çıxışı ilə tanınan və milliyə də dəvət edilən Ağakişiyev hazırda karyerasını I divizionun debütantlarından olan “Abşeron”da davam etdirir. Yeni yaranmasına baxmayaraq, paytaxt təmsilçisi hazırda turnir cədvəlinin vahid lideridir və debüt ilindəcə Premyer Liqaya yüksəlməyə çalışır. Futbolçu aşağı dəstədə oynamağın çətinliyini isə belə izah edib: “I divizionda peşəkar futbolçular çox azdır. Oyun zamanı görürsən ki, topun arxasında 5 futbolçu birdən qaçır. Heç kim öz yerində oynamır. Topa sahib olub başını qaldıranda, görürsən ki, 5 nəfər səni əhatəyə alıb. Çox sərt və kobud oynayırlar. Topa yox, ayağa oynayanlar daha çoxdur. Oyunların birində futbolçunun ayağını sındırdılar. Başqa bir qarşılaşmada futbolçu huşunu itirmişdi”.

Son oyunlarda ardıcıl qollar vuraraq, komandasının qələbəsində mühüm pay sahibi olan Ağakişiyev bunu mövqe dəyişikliyi ilə əlaqələndirib: “Son görüşdə baş məşqçi hücumda oynamağı tapşırdı. Bunun nəticəsi olaraq, dubl etdim. Oyunlarda meydana əsasən yarımmüdafiəçi kimi çıxaram. Amma ehtiyac olanda, öndə də oynayırdım”.

Qışda Premyer Liqa klublarında təklif alacağı təqdirdə belə “Abşeron”dan ayrılmayacağını deyən futbolçu məqsədini də açıqlayıb: “Maya qədər komandada qalacam. Komandanı çempion etmək istəyirəm. Bundan sonra istəsələr, yenə qalıb, kömək edəcəm. Ancaq qışda Premyer Liqa klublarından təklif alsam, dəyərləndirməyəcəm”.