“Rəşad Sadıqov varsa, digərini neynirik?”
11.11.2010 - 12:43
“Rəşad Sadıqov varsa, digərini neynirik?”
Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun azarkeşləri komandada islahatların aparılmasını tələb edirlər. Apasport.az saytının məlumatına görə, mövsümün startı ərəfəsində xəyallarında avrokuboklara vəsiqə olan əskişəhərlilər klubun turnir cədvəlinin ikinci yarısında olması ilə barışa bilmirlər. Bu səbəbdən də komandanın forumunda fəallıq göstərən fanatlar qış “transfer pəncərəsi” ilə bağlı istəklərini ortaya qoyublar.

Əslində, burada da fikirlər haçalanıb. Bəzi azarkeşlər uğursuzluqlara görə rəhbərliyin istefaya getməsini düşünürlər. Digərləri isə islahatların heyətlə bağlı olmasının tərəfdarıdır. Artıq həmin azarkeşlər “qara siyahı” da hazırlayıblar. 4-5 yerli və eyni sayda legionerin komandadan xaric olunmasını tələb edən fanatlar lazımsız oyunçuların adlarını da açıqlayıblar. Ümit Karan, Tello, Ceysi, Sezgin, qapıçı İvesa ilə bağlı fikirlər müxtəlifliyi ilə seçilir. Bir çoxları onların getməli olduğunu iddia etsə də, əks fikirdə olanlar da var.

Lakin 3 futbolçu var ki, bütün əskişəhərlilər onlardan “qan ağlayır”. Onlar yekdilliklə Sərdar, Pele, Vuçkonun komandaya lazım olmadığını düşünürlər. Sonuncunun personası xüsusi diqqət çəkir. Çünki mövsümün startında ilk “11-lik”də möhkəmlənən və sabiq baş məşqçi Rza Çalımbayın sevimli oyunçusu olan Vuçko mərkəz müdafiəçisidir. Yəni, o Rəşadın əsas rəqibidir. Çalımbay israrla Nadareviç-Vuçko cütlüyünə güvənir, Sadıqova şans vermirdi. Bülənt Uyğunun gəlişindən sonra isə 28 yaşlı müdafiəçimiz Vuçkonu ehtiyata göndərməyi bacardı. Elə azarkeşlər də Rəşadla Vuçkonun fərqini görərək, sonuncunun transferə çıxarılmasını tələb edir. Axı onlar üçün Sadıqov kimi mərkəz müdafiəçisi varsa, başqasına nə ehtiyac? Onsuz da həmyerlimiz müdafiənin mərkəzində Nadareviçlə yaxşı tandem təşkil edir.