“Barselona” – “Real” oyununun vaxtı dəqiqləşdi
11.11.2010 - 14:12
“Barselona” – “Real” oyununun vaxtı dəqiqləşdi
İspaniya çempionatının bəzəyi sayılan “Barselona” – “Real” oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dünyanın ən dəyərli derbilərindən sayılan “Elklassiko” noyabrın 29-da baş tutacaq. Matçın bazar ertəsi keçirilməsinə Kataloniya parlamentinə seçkilər səbəb olub.

Bu üzdən neçə vaxtdır ki, “Nou Kamp”dakı görüşlə bağlı müzakirələr, hətta mübahisələr gedirdi. Ayın 28-də baş tutacaq seçkilərə görə oyun ya bir gün əvvəl, ya da ertəsi gün keçirilə bilərdi. Çərşənbə günü Çempionlar Liqasında oyunu olan “Barselona” şənbə günü meydana çıxmağın əleyhinə idi. Paytaxt təmsilçisi isə əksinə bazar ertəsi oynamaq istəmirdi və bunu belə qarşılaşmanın həftəsonu baş tutmalı olduğu ilə əlaqələndirirdi. Lakin sonda “Real” deyil, “Barselona”nın istəyi gerçəkləşib.