“Baş məşqçiyə “Birlik kuboku” ilə bağlı konkret vəzifəni demişəm”
11.11.2010 - 15:51
“Baş məşqçiyə “Birlik kuboku” ilə bağlı konkret vəzifəni demişəm”
“Birlik kuboku” turnirinin yerinin dəyişdirildiyini mətbuatdan oxudum. Ancaq təşkilatçılardan indiyədək yarışın turnirin məkanı və vaxtı ilə bağlı rəsmi məlumat almamışıq. Fikrimcə, artıq bunu konkretləşdirib, iştirakçılara rəsmən çatdırmalıdırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı “Birlik kuboku”nda təmsil edəcək “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Tarixində ikinci dəfə Rusiyadakı turnirdə oynamaq hüququ qazanan paytaxt komandası 2 il öncə olduğu kimi, Moskvaya yox, Sankt-Peterburqa yollanacaq. Bu da turnirin məkanının dəyişdirilməsi ilə bağlıdır. Uzun fasilədən sonra yenidən “Birlik kuboku” adlanan turnirin çəkisinin, ona marağın azalması ildən-ilə sürətlənir. Hər halda, Nikolovla söhbətdə onlara hələ də rəsmi məlumat verilməməyi, mətbuatdan xəbər tutmaları bunu deməyə əsas verir: “Turnirdə ilk dəfə iştirak etdiyimiz zaman da noyabrın ortasına kimi rəsmi məlumat yox idi. Yarışın yerini dəyişdirilməsi xəbəri ilə bağlı internetdə axtarışda oldum. Bu haqda mətbuatda məlumatın verilməsi ciddi deyil”.

2009-cu ilin yanvarında “Birlik kuboku”nda debütü zamanı yarımfinala kimi irəliləyən “İnter”in həlledici oyuna vəsiqə qazanmasına klublarımızın qənimi olan Qazaxıstan çempionu “Aktobe” imkan vermədi. Nikolovun sözlərinə görə, kuboku Rusiyadan ölkəmizə gətirən növbəti klub olmaları qarşıda duran vəzifədir: “Buna nail olsaq, çox gözəl olardı. Turnirdə sona kimi irəliləmək istəyirik. Mənim “Birlik kuboku” ilə bağlı baş məşqçimiz Kaxaber Sxadadze ilə bir neçə dəfə söhbətim olub. Ona kuboku qazanmaqla bağlı konkret vəzifəni demişəm”.

Qeyd edək ki, 2006-cı ildə “Neftçi” Moskvada, bundan iki il sonra “Xəzər Lənkəran” Sankt-Peterburqda Ağasəlim Mircavadovun rəhbərliyi altında “Birlik kuboku”nu qazanıb.

Mehman SÜLEYMANOV