4 günün hökmü: Siz mənə lazım deyilsiniz!
12.11.2010 - 16:25
4 günün hökmü: Siz mənə lazım deyilsiniz!
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts noyabrın 8-dən 11-dək keçirilən təlim-məşq toplanışının nəticələrini açıqladı. Apasport.az saytının məlumatına görə, ayın 17-də Çernoqoriya ilə qarşılaşacaq komandanın heyətini müəyyənləşdirmək üçün həmin toplanışa əsaslanan alman çalışdırıcı bir sıra dəyişikliklər etdi. Bu fərq ilk növbədə sayda da əks olunur.

17 oyunçuya dəvət göndərən Foqts 9 futbolçunun adını qeyd kitabına yazıb ki, lazım gələcəyi halda, onları da sərəncamına çağıracaq. Başa çatan hazırlıqlara isə 23 nəfər çağıran mütəxəssis 6-sını ehtiyatda saxlamışdı. Sonra 2 əsas futbolçu (Branimir Subaşiç və Vaqif Cavadov) zədə üzündən heyətdən çıxarılmış, biri (Vladimir Levin) isə ehtiyatdan çağırılmışdı.

Bəri başdan qeyd edək ki, 18 futbolçu üçün 4 günlük toplanış heç bir əhəmiyyət kəsb etməyib. Onlardan 15-i yenə əsas heyətdəki yerini qoruyub, digər 3-ü isə elə yenə ehtiyatda qalıb.

Ötən toplanışda sonradan ehtiyatdan əsasa cəlb olunan Levin isə “17-lik”də qalmağı bacarıb. Bir həftə ərzində siyahıda peyda olan yeganə yeni ad isə Mahir Şükürovdur. Legioner həyatı yaşayan yarımmüdafiəçi birbaşa əsas heyətə çağırılıb.

Toplanışa çağırılan 23 oyunçudan yalnız 15-nin yenidən heyətdə olması isə onlardan 8-dən imtina olunması anlamına gəlir. Hazırlıqlara qatıla bilməyən Cavadov ehtiyata göndərilibsə, Subaşiçin adı ümumiyyətlə siyahıda yoxdur. 4 gün məşq keçdikdən sonra əsas komandada yer tapılmayan digər 6 nəfərin də adı ehtiyata salınıb. Bunlar Amit Quluzadə, Araz Abdullayev, Ruslan Əmircanov, Cavid Hüseynov, Səlahət Ağayev və Rəşad Sadiqovdur.

Branimir kimi daha 3 futbolçu, ümumiyyətlə siyahılardan uzaqlaşdırılıb. Başa çatan hazırlıqlarda ehtiyat qismində olan zədəlilər Rail Məlikov, Samir Abasov və Maksim Medvedev artıq Çernoqoriya arzusu ilə vidalaşa bilərlər.

Qeyd edək ki, son oyunla – Türkiyə üzərində qələbə zamanı düşərgədə olan heyətlə müqayisədə də fərqlər diqqət çəkir. Zəfər qolunun müəllifi, kapitanımız Rəşad Sadıqov, Məlikov və Abasov, ümumiyyətlə “26-lıq”da yoxdursa, Cavadov, Quluzadə, Abdullayev, Hüseynov, Sadiqov ehtiyata göndərilib. Əvəzində Aqil Nəbiyev, Nodar Məmmədov və Vladimir Levin yenidən meydana çıxmaq şansı qazana bilərlər.