“Neftçi” plan hazırlayıb
12.11.2010 - 17:11
“Neftçi” plan hazırlayıb
“Qış fasiləsi ilə bağlı hazırlıq planımız hazırdır. Amma hələlik rəhbərliyi bunu təsdiq etməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Dekabrın 26-da qış fasiləsinə çıxacaq Unibank Premyer Liqasının iştirakçıları artıq hazırlıq planını tərtib etməyə başlayıb. Çempionatın lideri olan “Neftçi” əvvəldən də gözlənildiyi kimi, yenə ölkə xaricində təlim-məşq toplanışı keçirəcək. Əsədovun sözlərinə görə, mövsümə Türkiyədə hazırlaşan komandası qışda yenidən qardaş ölkəyə yollanmaq istəyir: “Hazırlıq 2 mərhələdən ibarət olacaq. Tam təfərrüatı ilə plan təsdiq edildikdən sonra məlumat verəcəyik. Hər iki mərhələni Türkiyədə reallaşdırmaq niyyətindəyik. Təbii ki, yoldaşlıq oyunları da keçirəcəyik. Rəqiblər barədə də yaxın günlərdə məlumat veriləcək”.

Qeyd edək ki, “Qalatasaray”la “Neftçi”nin qış fasiləsində Antalyada yoldaşlıq görüşündə üzləşməsi nəzərdə tutulsa da, tarix komandamızın planlarına uyğun gəlmir. “Cim Bom” yanvarın 7-10-u aralığında oynamaq istəsə də, komandamız həmin vaxt məşqlərə başlamayacaq. Türklər “Neftçi”nin tarixlə bağlı təklifini qəbul etsə, oyun qışda baş tutacaq. Əks təqdirdə, yay fasiləsini gözləməli olacağıq”.