“Məqsədimiz bu görüşdə heç olmasa 1 xal qazanmaq idi”
12.11.2010 - 19:24
“Məqsədimiz bu görüşdə heç olmasa 1 xal qazanmaq idi”
"AZAL-la oyuna ciddi hazırlaşırdıq. Artıq neçə oyun idi ki, böyük hesabla məğlub olurduq. Ona görə də məqsədimiz bu görüşdə heç olmasa 1 xal qazanmaq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.

Son pillədə gedən “hərbçilər” bu gün XIII turun açılış oyununda gözlənilmədən AZAL-ı büdrətdi. Əliyevin fikrincə, onlar üçün oyunun keyfiyyətindən daha çox nəticə vacib imiş: “İlk buraxdığımız qola kimi əks-hücumda 2-3 qol epizodumuz oldu. Təəssüf ki, bunlardan istifadə edə bilmədik, təcrübəsizlik bizə mane oldu. İkinci hissədə 11 metrlik cərimə zərbəsindən qol vurduq. Qapıçımız qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoydu. Son 25 dəqiqə bəlkə də baxımsız alındı. Bunun da səbəbi bizim 10 nəfər qalmağımız və AZAL-ın səviyyəcə bizdən üstün olması idi. Futbolçularımız axıradək əzmkarlıq göstərərək, 1 xal qazandı".