Bir Rəşad Sadıqov qalmışdı, o da əlimizdən çıxdı - ARAŞDIRMA
13.11.2010 - 14:30
Bir Rəşad Sadıqov qalmışdı, o da əlimizdən çıxdı - ARAŞDIRMA
Azərbaycan yığması noyabrın 17-də növbəti yoldaşlıq oyununa çıxacaq. Komandamız Podqoritsada Çernoqoriyaya qarşı görüşlə, 2010-cu ilə yekun vuracaq. Apasport.az saytının araşdırmasına görə, 7 il öncə çernoqoriyalılarla 4 xal götürdüyümüz tarixi görüşlərin iştirakçılarından yeganə futbolçu Rəşad Sadıqov idi ki, daim heyətə çağırılırdı. Amma “Əskişəhərspor”un 28 yaşlı müdafiəçi Türkiyə Superliqasının ötən turunda “Fənərbaxça” ilə səfər oyununda zədələndiyindən, bir müddət yaşıl meydandan kənarda qaldı. Bu səbəbdən millimizin baş məşqçisi Berti Foqts Rəşadı qarşıdakı görüşə çağırmadı.

Yığmamız 2003-cü illərdə çernoqoriyalılarla rəsmi oyunlar keçirən zaman onlar Serbiya ilə bir ölkəni təmsil edirdi. Sonradan müstəqil olan Çernoqoriyanın paytaxtı 2003-cü ildə olduğu kimi, yenə oynayacağımız Podqoritsadır. Təbii ki, arxada qalan 7 ildə heyətimizdə yetərli dəyişikliklər olsa da, Sadıqov yenə dəvətlilər arasındadır. O, yalnız 15 ay (2006-cı ilin sentyabrından 2007-ci ilin noyabrına) kənarda qalıb ki, bu baş məşqçi Şahin Diniyevin həmin vaxt onu millidən kənarlaşdırılması ilə bağlıdır. Diniyevin gedişi ilə yığmaya qaytarılan Sadıqov az sonra yeni kapitan oldu.

Yığmamızdan çernoqoriyalılara qarşı 19 futbolçu oynayıb. Rəşadla yanaşı, Qurban Qurbanov, Tərlan Əhmədov, Kamal Quliyev, Emin Quliyev, Mahmud Qurbanov, Samir Əliyev, Fərrux İsmayılov, Ruslan Musayev hər iki oyunda meydana çıxıb. Cahangir Həsənzadə, Ramiz Məmmədov, Xaqani və Füzuli Məmmədov qardaşları, Emin İmaməliyev yalnız Podqoritsadakı, Dmitri Kramarenko, Emin Ağayev, Zaur Tağızadə, Aslan Kərimov, İlham Yadullayev Bakıdakı görüşün iştirakçısı olub. Onlardan Qurban Qurbanov, Ramiz Məmmədov Tərlan Əhmədov karyeralarını bitirərək, məşqçiliklə məşğuldurlar. Foqts qalan futbolçulardan yalnız Mahmudu çağırsa da, oynatdıqdan az sonra kənarlaşdırdı.

Qeyd edək ki, çernoqoriyalıların yeganə təmsilçisi də qarşıdakı görüşə dəvət olunmayıb. Bu, Serbiya və Çernoqoriya yığmasının heyətində Bakıda yeganə qolu vuran Branko Boşkoviçdir. O, Çernoqoriya müstəqillik qazandıqdan sonra yığma karyerasının davamı ilə bağlı bu ölkəni seçdi. Cari seçmə mərhələdə hər 4 oyunda meydana çıxan, karyerasının ABŞ-da davam etdirən təcrübəli yarımmüdafiəçinin bu dəfə çağırılmasına ehtiyac duyulmadı.

SERBİYA VƏ ÇERNOQORİYA - AZƏRBAYCAN 2:2 (1:0)
12 fevral 2003. Podqoritsa. "Buduçnost" stadionu. 7700 tamaşaçı. AÇ-2004-ün seçmə oyunu.
Hakim: Jasek Qranat (Polşa).
Serbiya və Çernoqoriya: Draqoslav Yevriç, Nenad Corceviç, Qoran Bunyevçeviç, Milan Dudiç, Branko Boşkoviç, Nikola Lazetiç (Maryan Markoviç, 74), Predraq Miyatoviç (k) (Daniel Lüboja, 70), Savo Miloşeviç, Deyan Stankoviç, Zvonimir Vukiç, Matey Kejman (İqor Dulyay, 59).
Baş məşqçi: Deyan Saviçeviç.
Azərbaycan: Cahangir Həsənzadə, Tərlan Əhmədov (k), Emin Quliyev, Kamal Quliyev, Mahmud Qurbanov (Füzuli Məmmədov, 90), Ramiz Məmmədov, Qurban Qurbanov, Emin İmaməliyev, Rəşad Sadıqov, Fərrux İsmayılov (Ruslan Musayev, 55), Samir Əliyev (Xaqani Məmmədov, 87).
Baş məşqçi: Əsgər Abdullayev.
Qollar: Miyatoviç, 33-p. (1:0). Lazetiç, 52 (2:0). Q.Qurbanov, 58 (2:1). Q.Qurbanov, 77 (2:2).
Vərəqələr: Sadıqov, 29. İsmayılov, 44. Həsənzadə, 52 - sarı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

AZƏRBAYCAN - SERBİYA VƏ ÇERNOQORİYA 2:1 (0:1)
11 iyun 2003. Bakı. "Şəfa" stadionu. 4000 tamaşaçı. AÇ-2004-nün seçmə mərhələ oyunu.
Hakim: Knud Erik Fisker (Danimarka).
Azərbaycan: Dmitri Kramarenko, Emin Ağayev (Zaur Tağızadə, 84), Tərlan Əhmədov (k), Aslan Kərimov, Kamal Quliyev, Emin Quliyev, Rəşad Sadıqov, Samir Əliyev, Mahmud Qurbanov, Qurban Qurbanov (İlham Yadullayev, 90), Ruslan Musayev (Fərrux İsmayılov, 59).
Baş məşqçi:Əsgər Abdullayev.
Serbiya və Çernoqoriya: Draqoslav Yevriç (Draqan Jiliç, 46), Zoran Mirkoviç, Nikola Malbasa, Zoran Nyequş, Nenad Corceviç, Mladen Krstaiç, Predraq Miyatoviç (k) (Nenad Kovaçeviç, 68), Darko Kovaçeviç, Zvonimir Vukiç, İqor Dulyay (Savo Miloşeviç, 87), Branko Boşkoviç.
Baş məşqçi: Deyan Saviçeviç.
Qollar: Boşkoviç, 27 (0:1). Q.Qurbanov, 87-p. (1:1). İsmayılov, 90 (2:1).
Vərəqələr: Malbasa, 13. Kərimov, 17. Vukiç, 19. K.Quliyev, 38. Boşkoviç, 52. Krstaiç, 69 - sarı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

Mehman SÜLEYMANOV