AFFA Şirvandakı faciəyə biganə qalmadı
13.11.2010 - 15:50
AFFA Şirvandakı faciəyə biganə qalmadı
AFFA rəhbərliyi 2 gün öncə Şirvanda futbol oynayarkən dünyasını dəyişən Kamran Mehdizadənin ailəsinə yardım edib. Bu barədə apasport.az saytına assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Quliyev məlumat verib. Onun sözlərinə görə, AFFA rəhbərliyi baş vermiş faciəyə biganə qalmayıb: “AFFA nümayəndələri və bəzi futbol veteranları Şirvana yollanaraq, yas mərasimində iştirak ediblər. Onlar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Bundan başqa, AFFA mərhumun ailəsinə maddi köməklik göstərib“.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Mehdizadə noyabrın 11-də Şirvan özəl liseyində futbol oynayan zaman stadionun qapı dirəyi üstünə aşmışdı. Kamran aldığı zədədən sonra Şirvan Mərkəzi Şəhər Xəstəxanasına aparılsa da, dirək onun sinəsinin üstünə düşdüyündən, qara ciyərinin əzilməsi və daxili qanaxma baş verib. Yeniyetmə xəstəxanaya çatdırıldıqdan 15 dəqiqə sonra dünyasını dəyişib.