Azərbaycan yığması rekordunu yeniləyir!
13.11.2010 - 16:10
Azərbaycan yığması rekordunu yeniləyir!
Noyabrın 17-də FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayacaq. Apasport.az saytının hesablamalarına görə, həmin gün baş tutacaq yoldaşlıq oyunlarının nəzərə alınmayacağı reytinqdə yığmamız irəliləyə bilər. Belə ki, son cədvəlin açıqlanmasından sonra heç bir qarşılaşma keçirməyən Berti Foqtsun yetirmələri oynamadan belə xal hesabını artırmış olacaq.

Oktyabrın 20-də açıqlanan siyahıda 91-ci olan millimizin hesabında 361 xal var idi. Bu, komandamızın tarixində rekord göstərici sayılırdı. Lakin ayın 17-də həmin rekord yenilənəcək. Çünki yığmamızın yeni reytinqdəki xalı 383 xal olacaq. Əgər digər komandaların xallarında ciddi dəyişikliklər olmasa, bu 87-ci yerə qalxmağa kifayət edər.

Hər halda, son reytinqdə bu qədər xalla məhz 4 pillə yuxarıda qərarlaşmaq olardı. Lakin digər komandalarda baş verəcək analoji dəyişikliklər müxtəlif cür nəticələnə bilər: xal artımı ilə geriləməkdən tutmuş, gözlənilməz sıçrayışa kimi. Yəni, 4 pillə irəliləməsi ehtimal olunan yığmamız daha çox, lap 5-10 addım da yuxarı qalxa bilər. Bu prosesin əks istiqamətdə də yaşanması da istisna deyil.

O ki qaldı, xal hesabının 361-dən 383-ə qədər yüksəlməsinə, bu da səbəbsiz deyil. Xalımızın dəyişməyinə ötən il noyabrın 15-də İraqa uduzmağımız səbəb olub. Belə ki, həmin oyun ötən reytinq zamanı son 1 il üçün sayılırdısa, bu dəfə daha əvvəlki ilə düşür. Elə bu dəyişiklik də 22 xalla dəyərləndirilir.