Qaçırılan penaltilər: “Muğan”dan “Muğan”adək
13.11.2010 - 16:26
Qaçırılan penaltilər: “Muğan”dan “Muğan”adək
Unibank Premyer Liqasının bombardiri olan “Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahodir Nasimov cari mövsümdə penalti zərbəsindən yararlana bilməyən 4-cü futbolçu oldu. Apasport.az saytının hesablamalarına görə, hazırkı çempionatda indiyədək qapılara təyin edilən 14 penaltidən 3-ü dəqiq yerinə yetirilməmişdi.

I turda “Muğan”ın kapitanı Elnur Abdullayev MOİK-in gürcü qapıçısı Amiran Qventsadze ilə “duel”dən məğlub ayrılmışdı. Millimizin sabiq yarımmüdafiəçisi Emin İmaməliyev də Bakıda 11 metrlik zərbədən qol vura bilməyib. O, “Gəncə”nin bosniyalı qapıçısı Edis Kurtanoviçlə dueldən məğlub ayrılmışdı. Qaçırılan son 2 penalti isə əyalətdə olub və hər ikisində legionerlər uğursuzluqla üzləşib. “İnter”in braziliyalı hücumçusu Mario Souza komandasının cari mövsümdə bombardiri olsa da, Zaqatalada şansını qaçırıb. O, “Simurq”un xorvatiyalı qapıçısı Adnan Hodziçi məyus edə bilmir. Nasimov da penaltidə “ilişir”. Bununla da “Muğan”ın iştirakı ilə ikinci oyunda 11 metrlik cərimə zərbəsi vurulmur.

Maraqlıdır ki, Bahodir “Muğan”la ilk dövrədəki ev oyununda bosniyalı qapıçısı İrfan Feyziçi penaltidən məğlub edərək, oyunda yeganə qolun müəllifi olmuşdu.

İmaməliyev və Souzanın qaçırdıqları penaltilər zamanı hesab dəyişmirsə, salyanlıların görüşlərində vəziyyət fərqli olur. Abdullayev hesabı bərabərləşdirə bilmir və sonda komandası uduzur. Ancaq Nasimov penaltidən hesabı aça bilmədikdən sonra günahını artıqlaması ilə yuyur. Belə ki, oyunda ilk iki qolun müəllifi olan legioner “Neftçi”yə növbəti qələbə qazandırır və dublu ilə qollarının sayını 14-ə çatdırır.

Qeyd edək ki, meydan sahibləri 8, qonaqlar 6 dəfə penaltini vurub. Ev sahibləri yalnız bir dəfə 11 metrlik cərimə zərbəsini qaçırırsa, qonaqlar üç dəfə belə aqibətlə üzləşir.


Unibank Premyer Liqasında dəqiq yerinə yetirilməyən penalti zərbələri
I tur
8 avqust
MOİK – “Muğan” – 3:2
45-ci dəqiqədə “Muğan”ın kapitanı Elnur Abdullayev penalti zərbəsindən istifadə edə bilməyib. Həmin anda MOİK hesabda 1:0 irəlidə olub.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

II turdan təxirə salınan oyun
22 sentaybr
“Qarabağ” – “Gəncə” – 3:0
90-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Emin İmaməliyev 90-cı dəqiqədə penalti zərbəsindən istifadə edə bilməyib. Həmin anda “Qarabağ” hesabda 3:0 irəlidə olub.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

XI tur
31 oktyabr
“Simurq” – “İnter – 0:1
61-ci dəqiqədə “İnter”in braziliyalı futbolçusu Mario Souza penalti zərbəsindən istifadə edə bilməyib. Həmin anda “İnter” hesabda 1:0 irəlidə olub.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

XII tur
13 noyabr
“Muğan” – “Neftçi” – 0:3
17-ci dəqiqədə “Neftçi”nin özbək futbolçusu Bahodir Nasimov penalti zərbəsindən istifadə edə bilməyib. Həmin anda hesab açılmayıb.
Salyan. Olimpiya İdman Kompleksinin stadionu